BAKI, 18 yan-Sputnik. Bakı ərazisində taksi sürücüləri üçün xüsusi dayanacaq yerləri müəyyən edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat veriblər.
Bu dayanacaqlardan kənarda avtomobillərin park edilməsi isə qanunla tənzimlənəcək. BNA-nın məlumatına görə, bu gün paytaxtda özəl sərnişindaşıma hüququ olan sürücülərin avtomobillərini saxlaması üçün 79 sahə müəyyənləşdirilib.
Agentliyin nümayəndəsi qeyd edib ki, beynəlxalq ekspertlərlə birlikdə şəhərdəki yol sahələri analiz edilir və taksi dayanacaqları üçün uyğun olan yerlər müəyyənləşdirilir. Onlar elə yerlərdə yerləşdirilməlidirlər ki, piyadaların, avtobusların hərəkətinə mane olmasınlar və yollarda sıxlıq yaratmasınlar. Buna görə də taksilərin dayanacaq sahələri avtobus dayanacaqlarından və ticarət mərkəzlərindən uzaqda yerləşəcək.
Bununla yanaşı, BNA taksi sürücülərini dayanacaqlar və qismən unudulmuş parklama qaydaları ilə bağlı məlumatlandıracaq. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə bununla bağlı tədbirlər keçiriləcək.
Bu dəfə dövlət idarələrinin nümayəndələri avtomobillərin, eləcə də taksilərin yüksək sıxlığının müşahidə edildiyi "Qara Qarayev" metrostansiyası yaxınlığında iş aparıblar.
BNA-nın inspektorları və Yol Patrul Xidməti yerli taksi sürücülərinə BNA-dan almaları lazım gələn "tanınma nişanları" barədə məlumat veriblər. Bununla yanaşı parklama qaydalarını pozan çox sayda sürücüyə xəbərdarlıq edilib. Sözügedən reyd çərçivəsində heç kəs inzibati məsuliyyətə cəlb olunmayıb.
Öz növbəsində, hakimiyyət nümayəndələri bəyan ediblər ki, əgər taksi sürücüləri bir daha yol hərəkəti qaydalarını pozsalar, onları heç kəs cəzadan azad etməyəcək və onlar təyin olunmuş cərimələri ödəmək məcburiyyətində qalacaqlar.