BAKI, 18 yan-Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp əleyhinə kütləvi aksiyalarda iştirak edənlərə ayda 2,5 min dollar pul vəd edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə The Washington Times nəşri yazıb.
Məlumata görə, Demand Protest adlı şirkət Tramp əleyhinə aksiyalarda iştirak edən şəxslərə ayda 2,5 min dollar "maaş" vəd edir.
Bununla yanaşı, aksiyaya gələn şəxslərə 1 saatlıq iştiraka görə 50 dollar ödənilir. Həmçinin qeyd olunur ki, bu vəsaiti alan şəxslər il ərzində ən azı 6 aksiyada iştirak etməlidirlər.
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək.
Tramp bəyan edib ki, onun andiçməsinə rekord sayda insan qatılacaq.
ABŞ KİV-lərinin məlumatına görə, Trampın inauqurasiyasına onun əleyhdarları da ciddi hazırlıq görür. Onlar xeyli vaxtdır ki, anti-Tramp şüarların yazıldığı pankartların hazırlanması və digər təşkilati işlərlə məşğuldur. Bu prosesə Tramp əleyhdarları ilə yanaşı ABŞ-ın bir neçə məşhur təşkilatçı şirkətləri də cəlb olunub.