BAKI, 17 yan — Sputnik. Türkiyəli məşhur komediya ustası, aktyor Şahan Gökbakar, "Rəcəb İvedik 5" filminin video-çarxında yer alan və Azərbaycanın təhqir olunduğu iddia edilən boks səhnəsi haqda danışıb. Sputnik-in xəbərinə görə, Instagram hesabından filmin o səhnəsinin geniş hissəsini paylaşan Gökbakar, videonun altına bu cümlələri yazıb:
"Biz insanları incitmək üçün yox, güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv hərəkət olmaz. Boks səhnəsindəki görüntüləri başqa tərəfə çəkməyə çalışanlar olmasın deyə, filmdəki o səhnənin daha geniş formasını paylaşıram. Azərbaycandakı sevənlərimizlə qovuşmağa can atıram. Hamınızı sevirəm" — aktyor bildirib.
Qeyd edək ki, "Recep İvedik 5" filminin yayımlanan rəsmi fraqmentində azərbaycanlı rəqibi ilə rinqdə qarşılaşan Recep obrazının işlətdiyi bəzi cümlələr söz-söhbətə səbəb olmuşdu. Buna ilk reaksiyanı da Türkiyənin Giresun Universitetinin azərbaycanlı alimi Aygün Attar göstərmişdi. Attar Şahan Gökbaharın filmdə işlətdiyi ifadənin doğru olmadığını iddia etmişdi.
"Video-çarxda Türkiyə-Azərbaycan əlaqələri adına xoşagəlməz səhnələrə yer verilir. Belə ki, boks yarışmasında Azərbaycanı təmsil edən idmançı ilə Türkiyədən olan rəqibi qarşılaşır. Azərbaycan bayrağını sinəsində daşıyan adam "mən səninlə vuruşmağa gəlmişəm" deyərək yaxasında ay ulduzlu şanlı bayrağımız olan türkiyəli idmançıya nifrətlə baxaraq hücum edir və türk idmançı da (Rəcəb İvedik) "mən də sənin ağzını burnunu qırmağa gəlmişəm" deyərək tam Azərbaycan bayrağının üstünə elə bir yumruq atır ki, Azərbaycan türkü iki metr kənara uçaraq yerə sərilir. Heç kim bu səhnənin sadə bir komediya olduğunu və insanları güldürmək üçün edildiyini izah eləməsin" — deyə Aygün Attar bildirib.