BAKI, 17 yan — Sputnik. Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa xəbərdarlıq edib. Sputnik xəbər verir ki, buna səbəb Trampın seçki kampaniyası ərəfəsində mübahisəli Qüds şəhəri ilə bağlı verdiyi bəzi açıqlamalar olub.
Belə ki, yeni ABŞ prezidenti seçkilərdən öncə verdiyi açıqlamasında, prezident olacağı təqdirdə ölkəsinin İsraildəki səfirliyini Qüdsə köçürəcəyini söyləmişdi. Trampın bu arzusunun olduqca təhlükəli olduğunu deyən Federika Moqerini, qərar reallaşacağı təqdirdə ərəb dünyasında ciddi gərginliklər yaşanacağını, yəhudi-xristian-müsəlman qarşıdurmalarının artacağını deyib.
BMT Təhlükəsizlik Şurası 1980-ci ildə verdiyi qərarla, İsraillə Fələstin arasında mübahisəli ərazi olduğu üçün, Qüds şəhərində heç bir səfirliyin olmayacağını bildirib. Qeyd edək ki, Qüds şəhəri hazırda İsrailin nəzarəti altındadır.