BAKI, 17 yan — Sputnik. 1377-ci il yanvarın 17-də katolik dünyasının lideri olan Roma Papası "Avinyon əsarəti"ndən qurtararaq hazırda fəaliyyət göstəridiyi Vatikana qayıdıb.
"Avinyon əsarəti" Fransa krallarının katolik dünyasında liderliyi ələ almaq üçün Roma papalarını özlərinə tabe etdirmək istəyi ilə başlayıb.
XIV əsrədək Roma papaları xristian dünyasında təkcə dini deyil, həm də siyasi hakimiyyətə malik idilər. Onlar demək olar ki, bütün Avropa dövlətlərində sülalə məsələlərinə qarışır, özlərinə uyğun olmayan hökmdarların hakimiyyətdə qalmasına maneçilik törədirdilər.
Lakin XIV əsrdə artıq güclənmiş Fransa və İngiltərə buna son qoymaq qərarına gəldilər. Papa VIII Bonifasinin hərəkətləri buna rəvac verdi. 1302-cü ildə VIII Bonifasi elan etdi ki, dünyəvi hakimiyyət birmənalı olaraq dini hakimiyyətə tabe olmalı, hökmdarlar onun dediklərini yerinə yetirməlidirlər. Papa bu barədə hətta xüsusi əmr də imzaladı. Cavab olaraq Fransa kralı IV Filipp (Gözəl) Baş ştatları çağıraraq VIII Bonifasini "bidətçi" elan etdi. Kralın adamları papanı tutub Fransaya gətirmək üçün Romaya getsələr də, buna nail olmadılar. Lakin papa baş verənlərdən sarsıldı və 1303-cü ildə vəfat etdi. Onun yerinə gələn V Kliment 1309-cu ildə Fransa kralının təklifi ilə bu ölkənin Avinyon əyalətinə köçdü. Bundan sonra papalar kralların əlində oyuncağa çevrildilər.
Yalnız 1377-ci ildə papa XI Qriqori yaranmış siyasi vəziyyətdən istifadə edərək 13 kardinalın müşayiəti ilə Romaya, Vatikana köçdü və "Avinyon əsarəti" başa çatdı.