BAKI, 16 yan — Sputnik. Hələ bir neçə il öncə internat məktəbini bitirən məzunların sonrakı həyatı cəmiyyəti şox ciddi narahat edirdi. Bəzi qızların internat məktəbindən sonra iş tapmadıqda əxlaqsız yola düşməsi, oğlanların isə cinayətlərə meyllənməsi onların gələcəyinin ciddi təhlükə altında olduğunu göstərirdi.
Amma 2015-ci ildə ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə "Məzun evi" yaradıldı. İnternat məktəblərini bitirən qız və oğlanlar daha küçələrdə qalmayacaqdılar. Valideyn himayəsindən məhrum olmuş məzunlar üçün bir sığınma mərkəzi, bir ev var idi — "Məzun evi".
"Məzun evi" 2015-ci il noyabr ayından məzunların ixtiyarına verildi. İnternat məktəblərini bitirən, valideyn himayəsindən məhrum olmuş gənclər bir-bir siyahıya alınaraq bu evə yerləşdirildi.
"Onları başa salıram ki, bura sizindir, qayğısına qalın"
"Məzun evi" Masazırdakı duz gölünün yaxınlığında yerləşir. Müəssisənin direktoru Rüxsarə Axundovanın Sputnik-ə verdiyi məlumata görə, evin birinci binası 120, ikinci binası isə 125 mənzildən ibarətdir: "Hal-hazırda birinci binada yaşayış var, ikinci binaya isə bu yaxınlarda yerləşdirmə prosesinə başlanacaq".
Direktor deyir ki, yaşayış olan birinci binada 200-dən çox sakin yaşayır. Onların arasında ali savadlıları, hal-hazırda təhsil alanları var.
Sakinlər binaya köçəndən sonra 6 ay müddətinə bütün kommunal xərclərdən azad ediliblər. Tələbələr isə 23 yaşına qədər kommunal xərclərdən azaddırlar. Zibil pulu, lift, həyətin təmizlənməsi, işıqlanıdırlması — hamısı dövlətin hesabınadır. 24 saat isti su, istilik sistemi var. Otaqlar çox gözəldir.
R. Axundova deyir ki, gələn il "Məzun evi"nin üçüncü binasının açılışı olacaq. Üçüncü binanın birinci mərtəbəsində isə uşaq bağçası da olacaq: ""Məzun evi"nin nizamnaməsinə uyğun olaraq, Təhsil Nazirliyi bu və ya digər səbəbdən valideyn himayəsindən məhrum olan məzun uşaqların siyahısını tərtib edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Daha sonra həmin siyahı bizə verilir. Biz də püşkatma yolu ilə onları evlərə yerləşdiririk. Binada telefon, internet xətti var. Ancaq sakinlər bu evləri sata, kiməsə bağışlaya bilməzlər. Bina sakinlərə təqdim ediləndə bütün əşyalarla təmin olunaraq verilib".
Rüxsarə xanımın dediyinə görə, evini yaxşı vəziyyətdə saxlayan da var, pis saxlayan da. Binaya kənar şəxslərin girişi qadağandır. Rəsmi nikahı olmayan kimsə binaya daxil ola bilməz. "Məzun evi" dövlət təşkilatı olduğu üçün burada dini nikah keçərli deyil.
Direktor bildirir ki, burada sakinlərdən işlə təmin edilənlər də var: ""Məzun evi" özü də sakinlərə iş tapmaqda kömək edir. Burada ara-sıra problemlər də olur. Bu problemləri çox zaman yeni gələn uşaqlar yaradırlar. Fikrimcə, uşaqlar internatdan sonra müəyyən müddət reablitasiya keçməli və ancaq bundan sonra "Məzun evi"nə göndərilməlidir. İnternatdan çoxdan ayrılanlar, ailə quraraq, kirayədə yaşayanlar bura gələndə tez uyğunlaşırlar. Amma internatdan birbaşa həyata atılanlar üçün çox çətin olur. Onlar bəzən hamısı bir evə yığışıb yatırlar. Deyirlər, "darıxırıq". Onlara zibil qabından, liftdən istifadə etməyi başa salırıq. Mən onları başa salıram ki, bura sizindir, qayğısına qalın".
Müsahibimiz "Məzun evi"ndə 13 ştat olduğunu və onlardan 10-da bina sakinlərinin çalışdığını qeyd edir. Bu günə qədər "Məzun evi"ndə 4 toy olub. Direktorun sözlərinə görə, burada elə qızlar var ki, nikahsız uşaq dünyaya gətiriblər. Hal-hazırda ataları uşaqlardan imtina edir.
Amma "Məzun evi"nin rəhbərliyi bu problemi həll etmək üçün də sakinlərə yardım edir: "Biz o qızlara atalığın tanınması üçün, aliment tələb edə bilmələri üçün kömək edirik. Çox uşaq var ki, ata qrafasında ad əvəzinə XXX yazılır. Bu da istənilən uşaq üçün böyük travmadır".
R. Axundova qeyd edir ki, burada yaşayan uşaqlar valideyn qayğısından məhrum olduqları üçün onların qayğıya, dinlənilməyə daha çox ehtiyacları var. Elə bu səbəbdən də "Məzun evi"də psixoloq ştatının yaradılması zəruridir.
"Uşaq nə istəyir ki?"
Evin sakinlərindən olan Elnur Salahov 1990-cı ildə dünyaya gəlib. Danışır ki, uşaqlığı müxtəlif uşaq evlərində keçib: "Dəcəl uşaq idim. Ona görə də, məni məktəblərdə saxlamırdılar. Mərdəkanda çətin tərbiyə olunan uşaqlar üçün məktəbdə də oxumuşam".
Elnurun atası dünyasını dəyişib, anası isə ailə həyatı quraraq başqa ölkəyə köçüb. Uşaqlıqdan qayğı görmədiyi üçün, qayğının nə olduğunu bilmir. O, sevgiyə inanmadığını bildirir, amma ailə də qurmaq istəyir. Hətta ailə qurmaq üçün namizədi də var.
Elnurun qəribə taleyi olub. Anası, fikrini izah etməkdə çətinlik çəkən qüsurlu şəxs olduğu üçün atası uşaq vaxtı onlardan imtina edib: "Qadınların günahı olmur ki! Günahkar kişilərdir. Bacımla qardaşımı bibim böyüdür, məni isə anama veriblər. Anam da məni aparıb Sağlamlıq İmkanları Məhdud olan uşaqlar üçün internat evinə qoyub. Daha sonra çətin tərbiyə olunduğum üçün məni əqli qüsuru olan uşaqlar evinə qoydular. Uşaqları dişləyirdim, özümü yaxşı aparmırdım. Məni Maştağadakı ruhi-əsəb dispanserinə göndərdilər. Dispanserdə 3 ay qaldım. Orada hamı məni çox istəyirdi. Sonra uşaq evinə geri qaytardılar. Anam gəldi. Mən də anamı qəbul etmək istəmirdim. Taleh müəllim (məktəbin direktoru) dedi ki, ananı qəbul elə. Bir neçə gün anamın yanında qalandan sonra ordan da çıxdım".
Elnur danışır ki, onun ən çətin günləri pəncərə önündə keçib: "Uşaq nə istəyir? Ana qayğısı! O da internatda olmur. Sonra bu evi verdilər. Mənim də evim oldu".
O, indi xoşbəxt olduğunu söyləyir. Düşünür ki, yaxın zamanlarda həyatı dəyişəcək. Onun da bir ailəsi, övladı olacaq. Deyir ki, o, heç vaxt valideynlərinin yolunu getməyəcək, heç vaxt uşaqlarından imtina etməyəcək.
"Məzun evi"ndə evlilik
"Məzun evi"nin digər sakini Ənvar Pənahidir. Ənvər əslən Xızı rayonundandır. Onu 16-17 yaşı olanda tərk ediblər: "Məni Qızıldaş qəsəbəsində peşə məktəbinə göndərdilər. Oranın ab-havası xoşuma gəlmədi. Harada üzümə xoş baxırdılar, orda da qalırdım. Cavan uşaq idim, başımı girələməyə çalışırdım. Sonra hökümət ev verdi, ardınca evləndim. İndi də ata olmağa hazırlaşıram".
Ənvərin həyat yoldaşı Nuranə də uşaq evində böyüyüb. Ənvər və Nuranə müəllimləri vasitəsilə tanış olub evləniblər. "Burdakı vəziyyətdən çox razıyam. Mən körpəlikdən tərk edilmişəm. Bir zamanlar heç nəyim yox idi. İndi evim, ailəm var. Körpəm də olacaq. Şükür olsun Allaha" — deyir Nuranə.
"Məzun evi"ndə Ənvər, Nuranə, Sibel, Səkinə, Bəsti, İlqar kimi onlarla valideyn qayğısı görməyən, dövlət qayğısına sığınan insan var. Yaxın günlərdə sizi onlardan daha birinin həyat hekayəsi ilə tanış edəcəyik. Bizi izləyin…