BAKI, 16 yan — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində səfərdədir. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.
Görüşdə Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi və qarşıdakı dövrdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev isə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında çox yaxşı əlaqələrin olduğunu bildirərək bu əməkdaşlığı yüksək qiymətləndirdi və müxtəlif layihələrin həyata keçirilməsi üzrə səmərəli əlaqələrin qurulduğunu deyib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara toxunan dövlətimizin başçısı ölkəmizdə özəl sektorun inkişafına daim diqqət göstərildiyini vurğulayıb. Söhbət zamanı son vaxtlar Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əməkdaşlığa yeni imkanlar açdığı qeyd edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.