Gürcüstanlı psixoloq David Amiredjibi deyir ki, bunun spesifik və qlobal səbəbləri var: “Statistika uşaq zorakılığının artdığını göstərəndə biz ictimai şüura təsir edən və həyatımızı pisləşdirən qlobal amillərdən danışmalıyıq. Burada hər hansı bir ailədə olan konkret vəziyyət kimi spesifik səbəblər və daha təsirli qlobal amillər mövcuddur. Onlar cəmiyyət arasında humanizmin azalmasına və həyat səviyyəsinin pisləşməsinə səbəb olur”.
“Bəzən elə problemlər yaranır ki, ailə onlarla bacara bilmir. İşsizlik, iqtisadi böhran, müharibələr və s. ailəyə təsir edir. Nəsə bunun qarşısını almalıdır. Bütün bu neqativ amillərin təsirini yalnız dərin insan münasibətləri və əsl mədəniyyət dayandıra bilər. Bizdə belə bir düşüncə var ki, uşaqlarımız biz istədiyimiz kimi olmalıdırlar. Biz beynimizdə onların necə olacaqları haqda müəyyən standart düzəldirik. Bu yanaşma uşağın şəxsiyyəti üçün də təhlükəlidir. Onlar biz istədiyimiz kimi olmayanda isə bizdə onları cəzalandırmaq ehtiyacı yaranır” — deyə o Sputnik Gürcüstana bildirib.