BAKI, 13 yan — Sputnik. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yoxlama zamanı adı çəkilən vətəndaşın ayaqqabısından 2 ədəd bükümdə ümumi xalis çəkisi 14,277 qram olan metamfetamin, 1 ədəd bükümdə isə 65 ədəd həb şəklində metadon aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Bundan başqa, İran vətəndaşının corabından 1 ədəd, daxili orqanından (düz bağırsağından) isə 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən narkotik vasitə — heroin aşkar olunub.