BAKI, 13 yan — Sputnik. Hazırda sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə etdikləri mövzulardan biri elektrik enerjisi və təbii qazın qiymətinin qalxmasıdır. Artıq mənzillərə elektrik enerjisi ilə bağlı yeni qaydada hesablanmış borc bildirişləri gəlir.
Bununla əlaqədar olaraq, əhali arasında narazılıqlar yaranıb. Sputnik qiymət artımından sonra, vətəndaşların əlavə nə qədər işıqpulu ödədiklərini öyrənmək məqsədilə kiçik sorğu keçirib. Beləliklə:
Azər Rəhimov: "Dekabr ayının 4-dən yanvarın 5-nə kimi 12.18 qəpik pul yazıb. Artımdan əvvəl də qənaətlə işlədirdik, indi də qənaətlə işlədirik. Hamımız gün boyu ya dərsdə, ya da işdə oluruq. Hər gün fen, paltaryuyan maşın işləmir. Televizora, ümumiyyətlə avqust ayından bu yana baxmırıq. Hərənin əlində bir telefon, ya da kompüter var. Kimə nə lazımdırsa, internetdən tapır. Yəni, evdə işıq boşuna yanmır".
Sevinc Şabanova: "Bu ay elektrik borcumuz 90 manat artıq gəlib. Evdə az qala şam işığında oturmalı olacağıq".
Emil Məmmədov: "Əvvəlki dövrlə müqayisədə 25 manat daha çox işıq pulu gəlib".
Zaur Zahidoğlu: "Əvvəllər hər ay 33 manat ödəyirdim, artıq bu aydan 40 manat oldu".
Fəridə Əzizova: "160 manat keçən ay ödəmişdim, bu ay 230 manat işıq pulu ödəməli oldum. Qeyd edim ki, binada qaz olmadığından, yalnız elektrik enerjisindən istifadə edirik".
Rauf Alagözov: "Keçən ay 83 manat idi, bu ay 148 manat borc gəlib".
Elman Rəfiyev: "Mən əvvəllər qış aylarında 40-45 manat ödəyirdim. Amma bu ay 76 manat ödədim".
Şaiq Çələbi: "Biz evdə elektrik enerjisinə qənaət edirik. Üstəlik bu ay heç evdə olmamışıq. Amma 175 kilovat elektrik enerjisi borcu gəlib. Çox qəribədir".
Esmira Qasımova: "Mən əvvəllər 57-65 manat civarında işıqpulu ödəyirdim. Bu gün hesab gəldi — 121 manat 54 qəpik".
Aysel Arslan: "Əvvəllər aylıq ödədiyimiz məbləğ 35-40 manat arasında idi. İndi isə 57 manat borc gəlib. Üstəlik, bu ay qənaət rejiminə də keçdik".
Emin Məmmədov: "Əvvəllər ayda maksimum 13-18 manat arası işıqpulu ödəyirdim, keçən ay 48 manat yazıb".