BAKI, 13 yan — Sputnik. "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin rəhbəri Dmitri Kiselyov Sputnik-ə müsahibəsində 1991-ci ildə Vilnüsdə baş verən proseslərlə bağlı xatirələrini bölüşüb. O, Litva hakimiyyətinin onu niyə "Azadlıq yolunu işıqlandırmaq uğrunda" medalından məhrum etməsindən danışıb və izah edib ki, hazırda hansı səbəblər Baltikyanı ölkələrin rusofobiyadan imtina etməsinə mane olur.
— Yanvar, 1991-ci il, Litva: siz həmin vaxt Litvanın paytaxtında olmusunuz. Orada baş verənləri necə qiymətləndirirsiniz?
— Mən hadisələrin lap başlanğıcından Vilnüsdə olmuşam. Çox həyəcanlı bir izdiham görmüşəm. İnsanlar öz inkişaf yollarını seçmək istəyirdilər. Onlar romantik əhval-ruhiyyədə idilər. Onların insan coşğusu məndə böyük simpatiya yaratmışdı. Mənə elə gəlirdi ki, Baltikyanı ölkələr bizim böyük ölkəmizə — Sovetlər İttifaqına hərəkət istiqaməti verəcək. Sonra məlum oldu ki, onlar hər hansı kompromisə getməyə hazır deyillər. Onda biz hər üç respublikanı məhz "Pribaltika" adlandırırdıq. Bu, sovet sözü idi, indi onu nadir hallarda işlədirlər, ola bilər ki, bu, hətta kimisə narahat etsin. Amma onda "Pribaltika" ifadəsi çox qürurlu səslənirdi, çünki Estoniya, Latviya və Litva üçün tamamilə xüsusi şərait yaradılmışdı. Sovet İttifaqında nisbətən kiçik olan bu üç xalq xüsusi dotasiya, imtiyazlar alırdı və Sovet İttifaqının vitrini idi. Onlar xoşməramlılığın və dözümlülüyün, indiki dillə desək, tolerantlığın simvolu idilər.
— Qayıdaq 1991-ci ilin yanvarına. Siz Mərkəzi Televiziyanın efirində Vilnüs telemərkəzindəki hadisələrə həsr olunmuş SİTA-nın (Sovet İttifaqı Teleqraf Agentliyi) məlumatını oxumaqdan imtina etmişdiniz. Sizin motiviniz nə idi — Litva milli hərəkatına rəğbət? O vaxtkı Sovet rəhbərliyi dirçəliş barədə informasiya verməyin əleyhinə idi? "Kremlin təbliğatı"na qarşı idiniz?
— Bilirsiz, bu, SİTA informasiyaları barədə mif idi. İndi belə başa düşürəm ki, bu, əslində haradasa Kremldə, SSRİ prezidentinin administrasiyasında hazırlanmış mətn idi. Bu, Litva izdihamında metal çubuqlarla silahlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təcavüz etmiş kimsə haqqında olduqca kobud yazılmış, hər hansı mənbəyə istinad edilməmiş bir mətn idi. Burada təxribatçı komandanın özünü olduqca aqressiv aparması və s. barədə söhbət açılırdı. Mən TSN-in (Televiziya Xəbərlər Xidməti) eksperimental xəbərlər proqramının aparıcısı idim. Mənə elə gəldi ki, bu, açıq-aşkar uydurmadır. Çünki burada xəbəri etibarlı edəcək bir nəfərin adı, hansısa detal yox idi, vaxt, marşrut göstərilməmişdi, bir sözlə, heç bir tam informasiya yox idi.
Dəmir çubuqlar barədə mətn… Qəribədir, necə olursa, həmişə məhz dəmir çubuqlar götürürlər. Bu, çox şübhəlidir. Darvazadan dəmir çubuqları necə qoparmaq olar? Mətndə qeyd olunan sözlərin heç birini bizim hadisə yerindəki müxbirlərimiz təsdiqləmirdi. Bu, digər proqramlardakı məlumat axını ilə həmahəng deyildi. Belə təəssürat var idi ki, bu mətn kütləyə və etiraz edən nümayişçilərə qarşı sonrakı zorakılıq hərəkətlərinə haqq qazandırmaq məqsədilə uydurulmuşdu.
Sonra məhkəmə prosesi göstərdi ki, Vilnüsdə damdan hər iki tərəfə atəş açılmışdı. Hər iki tərəfdən adamların öldürülməsi snayperlərin taktikasıdır. Bu, Maydanda da belə olmuşdu. Milisləri, dinc sakinləri öldürmək və sonra da demək ki, qarşıdurma, qan, üsyan… Onda bizim TSN-dəki gecə proqramımız "Zaman" ("Vremya") proqramına alternativ idi. İndi heç də hamı xatırlamır ki, bu, ölkədə cəmi bir xəbər proqramı olan bir televiziya kanalının olduğu dövr idi. O, "Zaman" adlanırdı. Onda hələ Rusiya televiziyası, "Vesti" proqramı, NTV, Ren TV və başqa televiziyalar yox idi. Amma artıq "Qorbaçov aşkarlığı" elan edilmişdi. Aşkarlıq nə idi? Bu, fikir plüralizmi idi. Sonradan bilmişik ki, rəsmi rupor olan "Zaman" proqramına münasibətdə plüralizmi nümayiş etdirmək üçün Siyasi Büronun qapalı qərarı ilə televiziya xəbərlər xidmətinin yaradılmasına icazə verilmişdi. Proqramı Aleksandr Qurnov təsis elədi və onu qısa müddətdə özü apardı. Gecə xəbərlərini gənclər aparırdı: Tanya Mitkova, Yura Rostov və mən. Biz alternativ informasiyaları ətraflı və fərqli intonasiyada təqdim edirdik. Bu, hakimiyyət üçün çox da uyğun olmayan gənclər proqramı idi və çox həssas xəbərləri verirdi. "Zaman" proqramında 21 saat deyirdilər ki, Litvada tanklar yoxdur, amma biz 23 saat eyni kanalda onları göstərirdik…
— Bunu təsəvvür etmək çətindir…
— Bunu təsəvvür etmək çətindir. Bu, romantik aşkarlıq dövrü idi. Əlbəttə bu, daxili, eyni zamanda hakimiyyətin informasiya-xəbər proqramı ilə uyğunsuzluq yaradırdı. Vilnüs hadisələrinin ən qaynar vaxtlarında birdən Latviyada birinci adamın öldüyü barədə xəbər gəldi. Litvada yox ha, Latviyada. Adamın başına naməlum şəraitdə güllə dəymişdi. Biz başda güllənin olduğu vəziyyətdə çəkilmiş rentgen şəklini aldıq.
Onda internet yox idi. İndi bunu təsəvvür etmək çətindir. Faks var idi. Alternativ məlumat mənbələri də yox idi. Amma fakt var idi ki, Latviyada adam öldürülüb. "Zaman" proqramının gecə növbətçisi bəyan etdi: "Mənə başda güllə lazım deyil". Sonra izah edildi ki, güllə adama geri qayıdarkən dəyib. Biz onda bilmirdik ki, bu, Litvadakı çevriliş kimi böyük hadisələrin başlanğıcı idi. Bəlkə də onda artıq bütün Pribaltika qaynayırdı.
Mən cavab verirəm: "Bizdə rentgen şəkli var və fakt var — adam öldürülüb. Mən bunun hansı şəraitdə baş verdiyini bilmirəm. Biz sadəcə ilk qurban barədə məlumat veririk. Mən bilmirəm onu kim öldürüb — sovet ordusu, ya yox, amma bununla belə, bu faktdır və biz susa bilmərik". O deyir: "Heç bir halda". Mən cavab verirəm: "Onda xəbərlər olmayacaq". İnqilabi hüquqlar efirə doğru hərəkət edirdi, onda münasibətlər belə idi. Mən burada bizim tərəfimizdən heç bir qəhrəmanlıq görmürəm. Biz — televiziya xəbərlər xidmətinin aparıcıları və müxbirləri öz işimizi görürdük.
— Bu efirə görə sizi 13 yanvar hadisələrinin xatirəsi ilə bağlı medala layiq görmüşdülər?
— Litvalılar müstəqil olduqdan sonra TSN-də Vilnüs hadisələrinin işıqlandırılması faktını öz tarixlərinə yazdılar. Onlar aparıcıları qeyd etmək və onlara təşəkkür bildirmək qərarına gəldilər. Tanya Mitkova ilə məni səfirliyə dəvət edərək Litvanın azadlıq və müstəqillik tarixinə aid olduğumuza görə medalla təltif etdilər.
Bu, mənim həyatımda ilk və uzun müddətli yeganə dövlət mükafatı idi. Biz də minnətdarlıq olaraq onu saxlayırdıq. Eyni zamanda hesab etmirdik ki, nəsə qəhrəmanlıq etmişik və buna xüsusi əhəmiyyət vermirdik. Sonra mən o medalı itirdim. Litvalılar, deyəsən Krımdan sonra elan etdilər ki, etiraz əlaməti olaraq məni bu medaldan məhrum edirlər. Bu hərəkətə etiraz əlaməti olaraq Tatyana Mitkova da həmin medaldan imtina etdi.
Fakt odur ki, biz onların azadlıq yolunu işıqlandırmışdıq. Fakt odur ki, o, dövlət mükafatı idi və peşəkar dürüstlüyə görə verilmişdi, vəssalam. Zamanın o dövründə. Bu, onların tarixinin məşum həlledici hissəsi idi. İndi isə Litva hakimiyyəti özünü dözümsüz apararaq Rusiyaya qarşı gülünc iddialara görə məni o medaldan məhrum etdi. Onu geri almaqla onlar həm özlərini, həm də o hadisələr barədə həqiqəti deyən jurnalistlərə olan minnətdarlığı alçaltdılar.
— Siz indi Baltikyanı ölkələrdə söz azadlığını necə qiymətləndirirsiniz?
— Mənə elə gəlir ki, Litva Avropa İttifaqının bir hissəsi olmaq istəyirdi və ona nail oldu. Qərbi Avropada və Avropa İttifaqında söz azadlığı Rusiyadan daha dardır. O, siyasi korrektələrlə və açıq rusofobiya ilə məhdudlaşdırılıb. Siz Rusiyada "Mən Putini sevirəm" və "Mən Putini sevmirəm" deyə bilərsiniz. Rusiyada siz "Mən geyləri sevirəm" və "Mən geyləri sevmirəm" deyə də bilərsiniz. Buna görə sizə heç nə etməyəcəklər. Bu, sizin mövqeyinizdir və sizə tamamilə neytral yanaşacaqlar. Yox əgər siz Avropada desəniz ki, "Mən Putini sevirəm, amma geyləri sevmirəm", onda bu, sizin bir jurnalist kimi peşəkar karyeranıza son qoyacaq. Orada bir tərəfdən siyasi korrektliliklə bağlı məhdudiyyətlər var, digər tərəfdən də ağrılı rusofobiya var.
Pribaltikada, Litvada təəssüf ki, bura həm də yerli komplekslər, Rusiyaya qarşı süni surətdə yaradılan narazılıq da əlavə edilib. Onlar özlərini elə aparırlar ki, sanki kimsə onlara qarşı zorakılıq həyata keçirməlidir. Onlar sanki özlərini zorakılıq üçün təklif edirlər. Çünki bu onların mövcudluğuna hansısa mənanı verir.
Rusiyaya qarşı belə aqressiv və düşmən münasibətlə onlar çox şey itirirlər. Litvadan kütləvi axın nəticəsində yaranmış depopulyasiyanı xatırlatmaq kifayətdir. Bunun Rusiya ilə yaxşı münasibətlər olmadan həlli yoxdur. Hələlik məsələ belədir ki, təki Rusiya ilə münasibətləri pis olsun, təki ölkənin gələcəyi olmasın, amma Rusiya ilə birlikdə olmasınlar. Düzünü desək, Rusiya sadəcə bunu hiss etmir. Bizim üçün, bizim gündəlik həyatımız üçün, bizim siyasətimiz üçün Litva nədir? Elə də çox şey deyil. Onlar özlərini təcrid ediblər və Rusiya üçün öz mövcudluqlarını itiriblər.
Bizə şər atırlar ki, guya Pribaltikanı işğal etmək istəyirik. Qulaq asın, divardan aralanın və xəritəyə baxın. Başa düşəcəksiniz ki, bizim hələ çox əsrlər ərzində görəcəyimiz başqa işlərimiz var. Bizim Litvaya girmək üçün heç bir motivimiz yoxdur. Bizim Kalininqraddakı "İskəndər" raketlərimiz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edir.
Litva öz yolunu seçib. Hazırda onun əhalisinin əksəriyyəti Qərbin təbliğatı nəticəsində Rusiyaya mənfi münasibət bəsləyir. Və bu, Rusiyanın siyasətinin nəticəsi deyil, yerli siyasətçilərin və mətbuatın işinin nəticəsidir. Litvalılar bundan yaxşı heç nə əldə etməyəcəklər. Litvada yaşamaq necə də kədərlidir. Amma ola bilsin, zaman-zaman nələrsə dəyişsin. O da var ki, bu rusofobiya sancıları Ukraynada olduğu kimi daha ağır diaqnoz təhlükəsi yaradır. Sabiq baş nazir Nikolay Azarovun sözləri ilə desək, siyasi palitrada yalnız 50 qəhvəyi çalar qalıb. Belə dövrlər gəlib keçir. İspanlar, almanlar, italyanlar bunu keçiblər, sonra sağlamlaşıblar. Tarixi dövrlərdəki belə şeylər vicdan əzabı və utanc hissi ilə müalicə olunur. Litvanın şansı var ki, zamanla öz qonşusu Rusiya ilə daha mehriban davransın. Bizim Litvaya qarşı heç bir iradımız, mənfi hisslərimiz yoxdur. Biz başqa miqyaslı insanlarıq. Biz hesab edirik ki, bütün xırda narazılıqlar keçid infeksiyaları kimi keçib gedəcək. Bu, xroniki xəstəlik deyil.