BAKI, 13 iyun-Sputnik. Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini iyunun 21-də artıra bilər.
Bu barədə Frans Press agentliyi diplomatik mənbələrə istinadən xəbər verib.
Diplomatik mənbə bildirib ki, bu qərar iyunun 24-də Aİ ölkələri xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.
Sanksiyalarla bağlı vəziyyət 2016-cı ilin ikinci yarısında müzakirəyə çıxarılacaq.
"Belə bir hissiyat var ki, bu ilin ikinci yarısında sanksiyalarla bağlı nə isə ediləcək" — deyə diplomat əlavə edib.
Bir qədər əvvəl Avropadakı mənbələr Sputnik-ə bildirmişdilər ki, Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq, baxmayaraq ki, Fransa bu sanksiyaların yumşaldılması təklifi ilə çıxış edib.
Buna qədər isə bildirilirdi ki, 28-29 iyun tarixlərində keçiriləcək sammitdə Aİ ölkələri müddəti iyulun 31-də başa çatacaq antirusiya sanksiyalarının uzadılması məsələsinə baxacaq.
Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı situasiya ilə əlaqədar olaraq pisləşib. Aİ ölkələri əvvəlcə 2016-cı ilin 15 sentyabrına qədər fərdi qaydada fiziki şəxslərə qarşı sanksiyaların tətbiqinə qərar veriblər.
Daha sonra iyulun 31-dək qüvvədə olacaq, iqtisadiyyatın bütün sektorlarına təsir edəcək sanksiyaların tətbiqinə başlanılıb. Bu sanksiyalar xüsusilə Rusiyaya və Krıma tətbiq edilməyə başlayıb.
Buna cavab olaraq, Rusiya ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən ərzaq idxalına qadağa qoyub.
2015-ci ilin iyunundan etibarən 2016-cı ilin 5 avqustuna qədər Rusiya Aİ-dən ərzaq idxalına embarqo qoyub.