BAKI, 13 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 14-də bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə: Yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.