BAKI, 12 yan — Sputnik. ABŞ-ın silahlı qüvvələri Yaponiyanın qərbinə radarlar tərəfindən çətinliklə qeydə alınan F-35 qırıcı təyyarələrinin yerləşdirilməsinə başlayıb. Bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, yanvarın 10-da 10 ədəd F-35 döyüş təyyarəsi Arizona ştatından çıxaraq Yaponiyanın Yamaquçi bölgəsində yerləşən İvakuni hərbi bazasına gəlib. F-35-lərin köhnə FA-18 qırıcılarını əvəz edəcəyi bildirilir.
Məlumata görə, ABŞ-ın bu həmləsinə səbəb müttəfiqləri Yaponiya və Cənubi Koreyanı Rusiya, Çin və Şimali Koreya təhlükəsindən qorumaqdır.
Lakin xarici və yerli ekspertlərin çoxu düşünür ki, əsas hədəf Rusiyanı blokadaya almaqdır.
Qeyd edək ki, 3 gün əvvəl Amerikanın içərisi müasir tanklar və hərbi sursatlarla dolu gəmisi Şərqi Avropa ölkələrinə yerləşdirilib. Həmin gəmidə 4 min ABŞ əsgərindən ibarət batalyon olduğu da bildirilib. Ağ Ev əsas məqsədinin sadəcə hərbi təlimlərdən ibarət olduğunu söyləsə də, Rusiyada bu cür düşünmürlər. Hərçənd ki, NATO ölkələrinin rəsmiləri hərbi təlimləri Rusiyanın Krımı işğalına və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə bağlayırlar.
Amerika Birləşmiş Ştatları ilə yanaşı, Almaniya, Kanada və İngiltərə də keçmiş sovet respublikaları olan Estoniya, Latviya və Litvaya ayrı-ayrılıqda min nəfərdən ibarət qüvvə göndərib.
Ekspertlərə görə, xüsusilə Baltikyanı ölkələr Rusiyanın növbəti hədəfi olmaqdan çəkinirlər.
Bu ölkələrə göndərilən hərbi ləvazimatlar içərisində 136 ədəd "Bradley" döyüş tankı, 87 ədəd M1A1 "Abrams" tankrı və 20 ədəd də "Paladin" savaş topu var.
Beləliklə, son bir həftə ərzində Amerikanın NATO çətiri altında Rusiyanı həm şərqdən, həm də qərbdən blokadaya aldığını deyə bilərik.
Mövzunu Sputnik-ə şərh edən millət vəkili Araz Əlizadə deyib ki, Amerikanın son hərəkətləri Barak Obama komandasının aqoniyasıdır: "Qəribəsi odur ki, Obama özü demokrat olsa da, həmin bu qərarlar respublikaçı senatorlar tərəfindən qəbul olunub. Başında da Con Makkeyn durur. C.Makkeyn Vyetnam müharibəsi veteranıdır. Onun idarə etdiyi döyüş təyyarəsini vurmuşdular və o, uzun müddət əsirlikdə qalmışdı. Əsirlikdə onun başına hansı oyunu açdılar bilmirəm, ancaq o vaxtdan bu günə Con Makkeyn sovetlərə, ruslara nifrət edir".
"İndi Rusiya ilə sərhədə qoşun yığma prosesini tezləşdirirlər ki, Donald Trampı elə bir vəziyyətdə qoysunlar ki, o, Rusiya ilə münasibətləri yaxşılaşdıra bilməsin. Amerikanın bu həmləsinə cavab olaraq Rusiya da öz "İsgəndər" raketlərini Kalininqrada yerləşdirdi. Daha sonra Moskva ətrafında S-400 raketləri cəmləndi. Bundan başqa, Suriyada hərbi bazası var. Qarşılıqlı edilən bu hərəkətlərin pis cəhəti odur ki, dünya üzərində silah yarışması artacaq. Bu da çoxlu resursların xərclənməsi deməkdir", — Araz Əlizadə əlavə edib.
"Bir çoxları hesab edir ki, Amerikanın Rusiya ilə sərhəddə ağır hərbi texnika və qoşun yığması Obama administrasiyasının gedənə yaxın atdığı addımdır. Bu qərarları sanki, guya Obama verirmiş kimi bir düşüncə var. Əslində belə deyil". Bunu isə Sputnik-ə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Amerikanın geosiyasi maraqları xarici siyasət idarəsinin strategiyası əsasında təyin olunur: "ABŞ-ın geosiyasi maraqları ilə bağlı verilən qərarlar prezidentdən asılı deyil. Bu xarici siyasət idarəsinin strategiyası əsasında həyata keçirilir. Tarix sübuta yetirib ki, Rusiya ətrafında hərbi çənbərin daralması, kəskin basqıların həyata keçirilməsinin heç bir perspektivi yoxdur. Və bu istiqamətdə atılan addımlar adekvat reaksiyaları yaradır. Nəticədə, həm beynəlxalq təhlükəsizliyə təhdid yaranır, bütövlükdə Avropa dövlətlərinin özlərinin maraqlarına xidmət etmir".
"Donald Trampın gələcək administrasiyasının üzvlərinin çıxışlarına diqqət yetirsəniz görərsiniz ki, onların səsləndirdiyi bəyanatlar Trampın dediklərindən tamamilə fərqlənir. Yeni dövlət katibi Reks Tillerson dünən Konqresdəki çıxışında Rusiyaya qarşı kifayət qədər sərt ifadələr işlətdi. NATO-nun önəmindən danışdı. Bu isə o deməkdir ki, Amerika Rusiya ilə sərhəddə daha da möhkəmlənməyi və ora əlavə hərbi qüvvələr göndərməyi düşünür. Bu baxımdan, mən Donald Tramp administrasiyasının fəaliyyətində o qədər də ciddi dəyişiklik olacağını düşünmürəm" — Elçin Mirzəbəyli bildirib.