BAKI, 12 yan — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) bloger Mehman Hüseynovla bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2017-ci il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib.
Məlumatda bildirilib ki, hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər:
“Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. Yanvarın 10-da Əkrəm Təhməzov və Mehman Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci — polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb. Lakin Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib. Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.