Elxan Şahinoğlu: "Təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi"
Prezident İlham Əliyev 2016-cı il iyunun 7-də Almaniyaya rəsmi səfər etdi. Bu səfər ona görə əhəmiyyətli idi ki, Almaniya 2016-cl ildə ATƏT-ə sədrlik edirdi və Qarabağla məşğul olmalı idi. Politoloq Elxan Şahinoğlu deyir ki, keçmişdəki digər ATƏT sədrləri kimi Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xüsusi fəallıq nümayiş etdirmək istəmədi: “Birgə mətbuat konfransında Almaniya kansleri Angella Merkel dedi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır”.
“Merkel bununla demək istəyirdi ki, münaqişənin həlli Almaniyanın imkanı xaricindədir. İl ərzində Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Azərbaycana və Ermənistana səfəri də heç bir nəticə vermədi. Halbuki, aprel döyüşlərindən dərhal sonra Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Berlinin 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer Bakıya və İrəvana səfərləri zamanı bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi” — deyə o bildirib.