BAKI, 12 yan — Sputnik. 1908-ci il yanvarın 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25 yanvar — red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
Üzeyir bəyin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.