BAKI, 11 yan — Sputnik. Azərbaycanda son illər yol qəzalarının sayının artması heç kimə sirr deyil. Xüsusilə piyada ölümləri ilə nəticələnən yol qəzalarına daha çox baş verir. Belə qəzaları törədənlər arasında avtobus sürücülərinin də az olmadığını demək olar. Dəhşətlisi odur ki, qəza törədən avtobus sürücüləri bir müddət sonra yenidən sükan arxasına oturaraq sərnişin daşımağa davam edirlər.
Bu barədə Sputnik-in əməkdaşı araşdırma aparıb və hələ də cinayət törətmiş bir çox sürücülərin hal-hazırda avtobus sürücüsü işlədikləri məlum olub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu məsələ qurumun ən yaralı yeridir: “Bakı Nəqliyyat Agentliyi 1 ildir yaradılıb. Bizə kimi bu istiqamətdə heç bir iş görülməyib, görülülübsə də effektli işlər olmayıb. Artıq bu ildən Bakı Nəqliyyat Agentliyində vahid sürücü bazası yaradılacaq. Bu bazada hər bir sürücü haqqında bütün məlumatlar yerləşdiriləcək. Mərkəzləşdirilmiş sistemdə bütün məlumatlar yerləşdirildiyindən sürücü keçmişində olan nöqsanlarını gizlədə bilməyəcək. Bu baza yaradılandan sonra sahibkarlara özbaşına sürücü işə götürmək qadağan ediləcək. Əgər sahibkarlar özləri sürücü işə götürsələr, onlarla müqavilə pozulacaq və marşrut xətti başqa sahibkara veriləcək”.
Ağayev qeyd edib ki, BNA-da sürücülər üçün təlim mərkəzi var. “Sürücülüyə namizədlər simulyatorlarla imtahan verəcəklər. Sürücüyə artıq insan müdaxiləsi olmur və simulyator nə qiymət verəcəksə, ona uyğun da işə qəbul olunacaq”, — Ağayev deyib.
Mais Ağayevin sözlərinə görə, bu gün işləyən sürücülərin cinayət işləri aşkarlanarsa və marşrut işinə uyğun olmayan işləri tapılarsa dərhal işdən uzaqlaşdırılacaqlar: “Biz nə qədər gözəl xidmətlər yaratsaq da, etdiyimiz bütün işləri cəmiyyətə sürücü təqdim edir. Ona görə də biz peşəkarları işə götürməyə çalışacağıq”.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, 2017-ci ildən artıq sahibkarlara marşrut xətlərinin verilməsi də müsabiqə yolu ilə olacaq: “Açıq müsabiqədən keçən sahibkarlara marşrut xətləri veriləcək və daimi nəzarət olacaq”.
Hüquqşünas Adəm Məmmədov isə bildirib ki, avtoqəza olarsa, əksər hallarda sürücülər sürücülük hüquqlarından bir neçə illik məhrum edilirlər: “Bu cinayətin dərəcəsindən asılıdır. Sürücü iki və daha çox şəxsin ölümünə səbəb olarsa, bu zaman daha ağır cəzalar verilir. Cəzasını çəkəndən sonra sürücülükdən məhrum etmə müddəti başlayır. Məsələn, 5 il cinayət cəzası verilirsə və 3 il sürücülükdən məhrum edilirsə, sürücü 5 il cinayətini çəkəndən sonra əlavə 3 il də gözləməli olur və ondan sonra sürücülük vəsiqəsi bərpa edilərək sükan arxasında otura bilər”.
Vəkil bildirib ki, bu sahədə qanunların pozulmaması üçün təbliğat işləri aparılmalıdır: “Hər kəs qanuna riaəyət etməlidir. Onda böyük problemlər olmaz”.