BAKI, 10 yan — Sputnik. Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanmasından sonra rusiyalı milyarderlərin varidatı 29 mlrd. dollar artıb. Sputnik "Forbes" jurnalına istinadla xəbər verir ki, bu artım milli valyutanın qüvvətlənməsi və Rusiyada qiymətli kağızların dəyərinin artması ilə əlaqədardır.
ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib. Birləşmiş Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu NOVATEK şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri 1,8 mlrd. dollar təşkil edir. "Forbes" Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.
NOVATEK-in idarə heyətinin sədri Leonid Mixelson da ABŞ-dakı seçkilərdən sonra sərvətinə 1,9 mlrd. dollar əlavə sərvət qatıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir. Mixelson 2016-cı ildə Rusiyanın ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.
Tramp prezident seçildikdən sonra Rusiyanın polad maqnatları — "Severstal" PAC-ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov 1,6 mlrd., "Novolipetsk metallurgiya kombinatı" (NLMK) ASC-nin Direktorlar Şurasının sədri Vladimir Lısin isə 1,4 mlrd. dollar varlanıb. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb. "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərov da Trampın qələbəsindən sonra varlanan rusiyalı iş adamlarındandır. O, 2016-cı ildə 1,8 mlrd. dollar varlanıb.
Ələkbərovun nailiyyətləri neft bazarındakı radikal dəyişikliklərlə bağlıdır. Dünya bazarında neftin qiymətlərinin kəskin düşməsi fonunda OPEC üzvü olan ölkələr, həmçinin kartelə üzv olmayan bir neçə neft ölkəsi hasilatın azaldılmasına dair razılaşma əldə ediblər. Həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmlərində 59% bahalaşma müşahidə olunub.
Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti ümumilikdə 29 mlrd. dollar artıb. ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlərin sərvəti cəmi 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlanıblar.