BAKI, 9 yan – Sputnik. Rusiyanın Birləşmiş Ştatlardakı prezident seçkilərinə kiber hücum etməsi ilə bağlı ABŞ kəşfiyyatının yaydığı raportdan sonra yaranan qalmaqal böyüyür. Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı raportda qeyd olunur ki, Kreml rəhbərliyi 2016-cı il noyabrın 8-də keçirilən ABŞ seçkilərində Demokratların namizədi Hillari Klintonun məğlub olması üçün var gücü ilə çalışıb.
Hesabata görə, Rusiya dövlət başçısı Vladimir Putin, seçkidə Donald Trampın qalib olması üçün seçki nəticələrinə kiber hücum əmri verib. Raportda deyilir ki, Kreml Donald Trampın qələbəsinə kömək etmək üçün imkan olan bütün hallarda digər namizəd Klintonu gözdən salıb.
Mövzunu Sputnik üçün şərh edən ictimai fəal Bəxtiyar Hacıyev ABŞ kəşfiyyatının bir neçə qurumdan ibarət olduğunu, əsaslı sübutlar olmasa, fərqli kəşfiyyat qurumlarının eyni mövqedən çıxış etməsinin mümkünsüzlüyünü bildirib: “ABŞ-da kəşfiyyat icması tək bir qurumdan ya da təşkilatdan ibarət deyil. Kifayət qədər əsaslı sübutlar olmasa, fərqli kəşfiyyat qurumlarının eyni mövqedən çıxış etməsi mümkün olmazdı. Hazırlanan həmin raport ABŞ senatında xüsusi dinləmələrdən keçir və prezidentə təqdim olunur".
"Yəni, bu hesabat ictimaiyyətə təqdim olunmadan əvvəl bir neçə qurumdan və mərhələdən keçir. Əgər hansısa siyasi oyun olsa idi, respublikaçıların həm Senatdakı, həm də Konqresdəki nümayəndələri, o cümlədən Tramp administrasiyasında təmsil olunacaq şəxslər o hesabatı sorğulaya bilərdilər. Düşünürəm ki, real hesabatdır. Rusiyadan edilən kiber hücum məsələsi demokratların seçkidəki şanslarını azaltmaq üçün atılmış addımdır” — Hacıyev bildirib.
Millət vəkili Asim Mollazadə isə hesab edir ki, kiber hücumla bağlı hazırlanan raport həqiqəti əks etdirmir: “Burda bir sual yaranır. Əgər Rusiyadan kiber hücum var idisə, Obama administrasiyası hara baxırdı? Onlar nə üçün Amerikanı qoruya bilmədilər? İndi seçkilərdə məğlub olandan sonra, hansısa ittihamlarla çıxış edirlər. Bu ittihamları iraəli sürməzdən öncə, Rusiyanın Amerikaya təsirinin qarşısını almaq lazım idi. Ona görə də, mənə elə gəlir ki, bu, məğlub olan tərəfin özünə bəraət qazandırmağa çalışmasıdır”.