BAKI, 30 dek — Sputnik. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu, ötən gün Rusiyanın zərərli kiber aktivliyi barədə birgə texniki hesabat dərc edib. 13 səhifəlik hesabatda hərbi və qeyri-hərbi qurumlar tərəfindən istifadə edilən vasitə və maddi-texniki bazanın texniki detalları əks olunub.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, həmin vasitələrdən ABŞ-dakı seçki prosesinə, habelə dövlət, siyasi və fərdi təşkilatlara təsir etmək məqsədi ilə istifadə edilib. ABŞ bəyan edib ki, Rusiya kəşfiyyatının iki qrupu 2015-ci ilin yayında və 2016-cı ilin yazında ABŞ-dakı partiyalara kiberhücumlar edib.
Siyasi partiyaların adı hesabatda çəkilməyib. Amma daha əvvəl Demokrat partiyasının serverlərinin qırıldığı barədə xəbər yayılmışdı.
"ABŞ hökuməti təsdiq edir ki, Rusiya kəşfiyyat xidmətinin iki fərqli qrupu ABŞ-da fəaliyyət göstərən siyasi partiyanın kompüterlərinə müdaxilə edib. Ciddi təhlükə kimi tanınan birinci fəaliyyət qrupu (ART 29) partiyanın kompüter sisteminə 2015-ci ilin yayında, ART28 kimi tanınan ikinci qrup isə 2016-cı ilin yazında sızıblar." — deyə hesabatda bildirilir.
Amerika hökumətinin məlumatlarına görə, 2015-ci ildə kibercinayətkarlar minə yaxın adama, o cümlədən rəsmi şəxslərə zərərli kodu ehtiva edən məktub göndəriblər. Hesabata görə, ehtimal ki, "zərərli məktub"u alan şəxslərdən birinin linkin üzərinə basması ilə hakerlər partiyaların sisteminə giriş əldə ediblər. Nəticədə hakerlər sistemə sızıblar və oradan daim istifadə ediblər.
"Sonuncu dəfə bu cür hücum 2016-cı ilin noyabrında, prezident seçkilərindən bir neçə gün əvvəl baş verib. Kiberfırıldaqçılar administrasiya şəbəkəsinə parolu dəyişməyin zəruriliyi barədə yalançı xəbərdarlıq göndəriblər ki, sistemi qırmaq mümkün olsun. ABŞ hökuməti hesab edir ki, məlumatlar KİV-ə göndərilib və yayımlanıb." — deyə hesabat müəllifləri bildiriblər.
Amerika xüsusi xidmətləri Rusiya xüsusi xidmətlərinə işləyən 40-dan artıq saxta adı açıqlayıb. Sənəddə ABŞ şirkətləri ayıq-sayıq olmağa və öz şəbəkələrini keçmiş tarixlə yoxlamağa çağırılır, həmçinin onlara hakerlərlə mübarizədə zəruri texniki yardım təklif edilir.