BAKI, 9 yan — Sputnik. "Biz ölkəmizi terrora yem etməyəcəyik" dedikcə, terror ölkəni yeyib-bitirməklə məşğuldur. "Biz bu işin arxasındakıları gözəl tanıyırıq" hayqırdıqca, sifarişçilər daha açıq kartlarla oynamağa davam edirlər. "Biz, nə olursa olsun, yolumuzdan dönməyəcəyik" qışqırdıqca, yol daha qəliz labirintlərlə kəsişir.
Lütfən, "Filankəsi devirmək istəyirlər", "Türkiyəni yolundan döndərməyə çalışırlar", "Ölkənin müstəqil siyasət yürütməsinə əngəl olmağa cəhd edirlər" kimi şifahi xalq ədəbiyyatı nümunələrinə müraciət etməyək. Guya Allahın Tacikistanını yolundan döndərməyə çalışan yoxdur? İranda rejimi dəyişmək üçün 40 ildir mübarizə getmir? İordan çayının qərb sahilində yəhudi məskunlaşmasını dayandırmaq üçün bütün dünya İsrailə qarşı cəbhə açmayıb? Elə isə bu sadalanan və sadalanmayan ölkələrin hansı birində sürəkli (ya da ümumiyyətlə) terror aktları baş verir?
Yaxud, başqa bir savadsız arqument: ölkənin coğrafi mövqeyi və bir neçə düşmənlə əhatələnməsi, onun müdafiə qabiliyyətini çətinləşdirir. (Əvvəla, indi sənə düşmən olanların böyük əksəriyyəti son 4-5 ilədək dostun idi. Dostu da düşmənə özün çevirmisən.)
İkincisi, Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşən, sərhədləri 5 əzəli düşmənlə (Fələstin, Livan, Suriya, İordaniya, Misir) və 2 dənizlə (Aralıq, Qırmızı) əhatə olunan, nəhayət əhalisini bir-birinə nifrət edən iki xalqın (yəhudi və ərəb) təşkil etdiyi İsrail dövləti bu arqumentiniz qarşısında qəhqəhə çəkməzmi? Ya da siz, son 10 ildə bu ölkədə irimiqyaslı bir terror aktı barədə (fələstinlilərin atdığı daş-kəsəkdən başqa) eşitdinizmi? (Qüdsdə yaşanan son hadisə İstanbul, Ankara, İzmir olaylarının yanında iki uşağın bir-biri ilə dalaşması kimi bir şeydir.)
Buna da əks arqument tapa bilərik ki, "bəs, İsrail cəmi 27 min km2 əraziyə nəzarət edir, biz 780 min km2 əraziyə". Bu məntiqlə də, sahəsinə görə (17 milyon km2) dünyanın ən böyük ölkəsi olan, qurudan 14 (Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Belorus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, KXDR) və sudan 2 ölkə ilə (Yaponiya, ABŞ) həmsərhəd olan Rusiya canavar sürüsünün parçaladığı ayı kimi didik-didik olmalıydı. Üstəlik, bu ölkənin ərazisində onlarla xalqın (rus, ukraynalı, tatar, başqırd, çuvaş, azərbaycanlı, gürcü, erməni, saxa, qumuq, qaraçay, çeçen, balkar, ləzgi, avar və s.) nümayəndələri yaşayır. Və çeçenlərin Moskvadakı son (özlərinin də darmadağın edilməsi ilə nəticələnən) terror aktından sonra Rusiyada ikinci belə bir müdhiş olay baş veribmi? Xeyr!
Ən dəhşətlisi bu da deyil… Eşidəndə ki, Suriya parlamentinin baş katibi Xalid Abbud "Türkiyə terrordan canını qurtarmaq istəyirsə, bizimlə əməkdaşlıq etsin" deyir, adamın lap cızdağı çıxır. O Suriyanın rəsmisi ki, ölkəsinin torpağı 6 ildir qanla suvarılır, ərazisində onlarla terror təşkilatının yaraqlıları, dövlətlərin orduları meydan sulayır…
Xarabanı xatırladan həmin ölkənin Abbudu deyir ki, Suriya kəşfiyyatı (!) İŞİD-in içərisinə sızıb və terror təşkilatını idarə edir: "İŞİD, "Ən-Nüsra Cəbhəsi" və digər qruplaşmalar Dəməşqdən idarə olunur". Belə bir sual ortaya çıxır: niyə partlayışlar Dəməşqdə yox, Türkiyənin ayrı-ayrı əyalətlərində baş verir? Deməli, Türkiyədəki teraktların qarşısını, yalnız Suriya rejimi ilə əməkdaşlıq yolu ilə almaq olar…