BAKI, 6 yan — Sputnik. Yanvarın 6-da Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 1.000.000-cu (bir milyonuncu) sərnişininə sertifikat verilib. Sertifikatın sahibi əslən Şəmkir rayonundan olan Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq-informasiya” fakültəsinin tələbəsi Leyla İsrayıl qızı Hüseynzadə olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat verərək bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 12 sentyabr 2015-ci ildən hərəkətə başlayıb: “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfortlu KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadı. Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib. Bu gün isə bir milyonuncu sərnişini yola salırıq".
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakı Dövlət Universitetinin tələbəsi Leyla Hüseynzadəni 1.000.000-cu (bir milyonuncu) sərnişin olması münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi adından təbrik edib, ona biznes-klass vaqonunda 2 (iki) ay ərzində pulsuz gediş sertifikatı, planşet və gül dəstəsi təqdim edib.
Sonra bir milyonuncu sərnişin KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.