BAKI, 6 yan — Sputnik. Yuri Boçarov, israilli politoloq, "AZİZ" İsrail-Azərbaycan assosiasiyasının idarə heyətinin üzvü
Azərbaycan və İsrail arasında çox qədim və dostluq münasibətlərinin olduğunu xatırlatmağa ehtiyac yoxdur. Ən yüksək səviyyədə dəstəklənən bu münasibətlərin dinamikası Azərbaycanın İsrailin strateji tərəfdaşı adlandırılmasına gətirib çıxarıb.
Bu ölkələr arasında ticarət-iqtisadi münasibətlər bütün MDB məkanında ən yüksək səviyyəlilərdən biridir.
Lakin sirr deyil ki, bir neçə milyardlıq ticarət dövriyyəsinin fonunda bu münasibətlər sırf biryönümlü xarakter daşıyır. Son illərdə Azərbaycan nefti İsrailin daxili tələbatının üçdə birini ödəyib — söhbət bir neçə milyardlıq məbləğdən gedir. Digər tərəfdən, Azərbaycan İsrail hərbi sənayesinin əsas tərəfdaşlarından biridir. Həm də Azərbaycan İsraildən ən son silahları alır. Buna isə hər ölkə qadir deyil. Son hadisələr göstərdi ki, Azərbaycan bu silahı təkcə almır, həm də ondan yaxşı istifadə edə bilir. Azərbaycana hərbi ixracın ümumi məbləği milyard dollarlarla ölçülür. Belə görünür ki, bu, İsrailə nəql edilən neftin ümumi məbləğinə proporsionaldır.
Lakin neft məhsulları və silah, necə deyərlər, dövlət biznesidir. Amma bu ölkələrin adi biznes-qrupları səviyyəsində hələlik vəziyyət ürəkaçan deyil. Belə ki, İsrail statistika orqanının hesabatına görə, 2015-ci ildə Azərbaycana ümumilikdə 129,5 milyon dollar dəyərində, təxmin 20 adda məhsul ixrac edilib. O cümlədən, 43 milyon dollarlıq mexaniki qurğu və kompüter, 32 milyon dollarlıq alüminium məhsulları, 15 milyonluq maşın və avadanlıq və s. ixrac edilib. Azərbaycandan isə İsrailə cəmi 2,5 milyon dollarlıq məhsul ixrac edilib. Bunun 1,5 milyon dolları maşın və mexaniki qurğuların, 0,5 milyonu isə qida məhsullarının payına düşür. Yerdə qalan 0,5 milyona çoxlu sayda məhsullar daxildir və onların arasında 1000 dollarlıq musiqi alətlərinin ixracı xüsusi maraq doğurur. Bütün bunlar bir daha iki ölkə arasında ticarət-iqtisadi potensialın tam olaraq reallaşmadığını göstərir. Bu reallaşma üçün geniş fəaliyyət meydanı mövcuddur.
İsrail məhsul və texnologiyası bütün dünyada yüksək qiymətləndirilir, amma məlum səbəblərdən Yaxın Şərq ölkələrinin çoxuna birbaşa satılmır. Fikrimcə, Azərbaycan İsrail üçün Şərqə qapı ola bilər. Bunun üçün İsrailin aparıcı şirkətləri ilə Azərbaycan ərazisində İsrail texnologiyası ilə müxtəlif məhsullar istehsal edəcək müştərək şirkətlər yaratmaq lazımdır. Çirkli və dəniz suyunun şirinləşdirilməsi qurğularının, günəş enerjisi avadanlığının, elektronika, rabitə və kommunikasiya cihazlarının yaradılması üzrə əməkdaşlığın böyük perspektivləri var. Azərbaycanda müasir avadanlıqla işləyən kifayət qədər müəssisə mövcuddur. Onları İsraiil texnologiyası və hi-tech sahəsində son nailiyyətlərlə birləşdirərək dünya səviyyəli məhsul almaq olar. Bu məhsulu Azərbaycan loqosu altında Yaxın Şərqə böyük uğurla satmaq mümkündür. Həmçinin, kənd təsərrüfatı, informasiya texnologiyaları, əczaçılıq sektoru, turizm və səhiyyə sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var.
Hazırkı vəziyyət hər iki ölkə üçün çox unikaldır – Azərbaycan İsrail üçün Yaxın Şərqə qapılar aça bilər. Bu qapılar həmişə Azərbaycanın ərazisində olacaq və İsraildən İrana yeni karvan yolu da buradan keçəcək.
Bütün bu perspektivlər İsrail baş naziri Binyamin Netanyahunun Bakıya səfəri və məhz biznesin yolunu açan bəzi sənədlərin imzalanması ilə reallığa çevriləcək. Belə ki, Bakı görüşü çərçivəsində standartlaşma, ikiqat vergiyə cəlbetmə, kənd təsərrüfatı sahəsində və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalanıb.
Və daha bir vacib məqam. Bildiyiniz kimi, bu yaxınlarda İsraildə iri qaz yataqlarının kəşf edilməsi ilə əlaqədar bu ölkə enerji daşıyıcıları ixracatçıları siyahısına daxil ola bilər. Lakin bunun üçün ona qaz kəmərləri lazımdır. Ən perspektivli yol Türkiyə ərazisindən Avropaya gedən yoldur. Lakin İsrail gələcəkdə Türkiyənin xarici siyasətindən asılı olmamaq üçün Azərbaycandan Türkiyəyə və oradan da Avropaya gedən boru kəmərinə qoşulmaq istəyir. Bununla da risklər azaldılacaq və sərmayələrə Azərbaycan zamin duracaq. Faktiki olaraq, Azərbaycanın boru kəməri İsrail üçün bu dəfə Avropaya qapı ola bilər.
Şübhəsiz ki, iki ölkənin münasibətləri əla səviyyədədir və hesab edirəm ki, Azərbaycan prezidenti ilə İsrail baş nazirinin şəxsi görüşü ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Belə yüksək səviyyəli liderlər arasında birbaşa qarşılıqlı əlaqələr tərəflər arasında iqtisadi və siyasi cəhətdən həll olunmamış məsələləri yalnız qaldırmağa yox, həm də iki tərəf üçün məqbul olan həlli tapmağa yardım edir. Fikrimcə, Netanyahunun səfəri məhz özəl sektor üçün düzgün işarə olacaq və ən əsası bu işarəni Azərbaycan və İsraildə qəbul edəcəklər.