BAKI, 6 yan — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən növbəti yaşayış binasının açılışı olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Nazir bildirib ki, yeni binaların istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının yüksəldilməsi istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır. Dövlətimizin qayğısı nəticəsində son illərdə mindən çox hərbi qulluqçunun daimi mənzillə, 1400-dək hərbi qulluqçunun isə xidməti mənzillə təmin olunduğu və bu işlərin cari ildə də davam etdiriləcəyi diqqətə çatdırılıb. Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlığın alınaraq silahlanmaya daxil edilməsini xatırladan general-polkovnik Z.Həsənov görülən kompleks tədbirlərin ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.
Yeni tikili ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli, 50 mənzilli bina tam təmirli üçotaqlı mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında onlarla söhbət edib.