BAKI, 5 yan – Sputnik. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ölkəsinin Suriya siyasətinin başından yanlış olduğunu etiraf edib. “İlk gündən etibarən Suriya ilə bağlı yürüdülən siyasətin səhv olduğunu düşünənlərdənəm. İndi bu səhvləri təmir edirik, düzəldirik”, — hökumət sözçüsü bildirib.
Hürriyet qəzetinə müsahibə verən Kurtulmuş, Suriya prezidenti Bəşər Əsədin siyasi gələcəyinə dair Türkiyənin mövqeyində dəyişiklik olmadığını ifadə edib.
“Təbii ki, zalım Əsəd rejiminin yanında yer alacaq deyilik. Belə bir qatilin vəzifə başında qalmasının insani olmadığını düşünürük”, — deyə baş nazirin müavini vurğulayıb.
İllər sonra türk hökumətindən gələn “yanlış siyasət” etirafını Sputnik-ə dəyərləndirən politoloq Fikrət Sadıxov deyib ki, Türkiyənin bu addımı taktiki xarakter daşıyır.
“Numan Kurtulmuşun sözlərindən belə nəticə çıxarmaq olar ki, türk hökuməti Suriyadakı rejimə qarşı bu günədək sərgilədiyi mövqeni səhv addım kimi dəyərləndirir. Yada salaq ki, yaxın zamana qədər rəsmi Ankara bildirirdi ki, Bəşər Əsəd hakimiyyətdən getməlidir. Sonradan bu fikir dəyişməyə başladı. Zənnimcə, bu taktiki xarakter daşıyır. Çünki başda Amerika olmaqla Türkiyənin qərb ölkələri ilə münasibətləri kəskin şəkildə pozuldu. 15 iyul hadisələrini xüsusilə qeyd etmək lazımdır. Çevrilişə cəhdin uğursuz olmasından sonra Avropa ölkələri və Amerikanın türk hökumətinin yanında yer almaması rəsmi Ankaranın üzünü Moskvaya çevirməsinə səbəb oldu”.
Politoloqa görə, Türkiyənin Rusiya ilə yaxınlığı nəticəsində Suriya ilə bağlı müəyyən razılıq əldə olundu: “Həmin razılığa əsasən, hazırki mərhələdə əsas diqqət Bəşər Əsədin gələcəyindən daha çox, Suriyada stabilliyin bərpa olunmasına yönəlib. Moskva və Ankara Suriyadakı radikal qruplara qarşı mübarizəni daha da gücləndirməyi qərara aldılar. Bəşər Əsədin postda qalıb-qalmamasına isə stabillik yaranandan sonra baxılacaq”.
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında, türk rəsmilərin etdikləri səhvlərdən nəticə çıxarmağa çalışdığını söyləyib:
“Numan Kurtulmuşun işlətdiyi cümlələr özünü tənqid formasında deyilmiş açıqlamalardır. Türkiyə son illər xarici siyasətdə ciddi səhvlər buraxıb. Sonradan bunu etiraf etməyə məcbur qalıblar. İsraillə, Misirlə, həmçinin elə Suriyanın özü ilə də münasibətləri korlamaq lazım deyildi. Bəli, Əsəd bu gün diktatordur, insanlara zülm edir. Ancaq əvvəl bu adamla münasibətlər yaxşı idi, ona görə də bütün körpüləri yandırmaq düzgün deyildi. Dialoq imkanlarını saxlamaq lazım idi. Hətta bir ara İraqla da münasibətlər gərginləşmişdi. Nə yaxşı ki, son günlər əlaqələr düzəlməyə doğru gedir. Baş nazir Binəli Yıldırım İraqa səfərə hazırlaşır. Bu özü yanlış siyasətin etirafıdır. Türkiyə təhlükəli bölgədə yerləşir. Fərqli istiqamətlərdən təhlükələr var. Bu təhlükələrin qarşısını almaq, terrorla mübarizə aparmaq üçün gərək sənin qonşularınla normal münasibətlərin, müttəfiqlərin olsun”.
“Gec də olsa, artıq Türkiyənin xarici siyasətində dönüş yaranıb. Rusiya ilə əlaqələrdə istiləşmə var. Ola bilsin Suriya siyasətində də korrektələr edilsin. İsraillə münasibətlər artıq bərpa olundu. Yaxın vaxtda Misirlə də əlaqələr düzələ bilər. Türk rəsmilər bu gün etdikləri səhvlərdən nəticə çıxarmağa çalışırlar”, — Elxan Şahinoğlu bildirib.