BAKI, 5 yan — Sputnik. Türkiyədə telekanal və radio yayımlarına nəzarət edən Radio və Televiziya Şurası (RTÜK) özəl telekanallarda yayımlanan evlilik proqramları ilə bağlı sərt qərar verib. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, buna səbəb əhalidən gələn çoxsaylı şikayətlər olub. Qurumun poçtuna vətəndaşlardan 100 minə yaxın şikayət ərizəsi gəldiyini deyən Radio və Televiziya Şurasının rəhbərliyi, evlilik proqramlarını yayımlayan telekanallara külli miqdarda pul cəriməsi kəsib.
Ən çox şikayət edilən evlilik proqramları içərisində ilk sıranı, Kanal D-də yayımlanan "Kısmetse Olur" tutub. Bu proqram haqqında 45 min 591 şikayət ərizəsi daxil olub. İkinci sırada Star Tv-də efirə gedən "Zühal Topalla", üçüncü sırada isə ATV-də yayımlanan "Esra Erolda" proqramları yer alıb. Növbəti daha çox şikayət edilən proqramlar isə Show Tv-də təqdim olunan "Evleneceksen Gel" və Flash Tv-də yayımlanan "Dest-i İzdivaç" proqramları olub.
Sözügedən verilişlər barədə edilən şikayətlərin hamısı demək olar ki, oxşar xarakterlidir. Belə ki, tamaşaçılar evlilik proqramlarının süni planlaşdırıldığını, ssenarilərin öncədən yazıldığını, üstəlik verilişə qatılan insanların görkəminə görə təhqirə məruz qaldığını bildiriblər.
Qeyd edək ki, sadalanan bütün evlilik proqramları ölkəmizdə də kütləvi şəkildə izlənilir.