İradə Cəlil, Sputnik azərbaycan
BAKI, 3 yan — Sputnik. Bir müddət əvvəl yolum Lənkərana düşmüşdü. Yolüstü Lənkəran bazarına baş çəkmək istədim. Və bazara gedən yolun üstündə diqqətimi "Mağara" antik əşyalar mağazası çəkdi.
Mağazanın qarşısına mis qablar, kəfkirlər, sinilər, bidonlar, kuzələr yığılmışdı. İçəridə insan özünü keçmiş aləmə düşmüş kimi hiss edir. Ayrıca, dükanın müştərisi də boldur.
Mağaza sahibi Ağa Əhmədov, artıq 5 ildir, bu dükanın fəaliyyət göstərdiyini dedi: "Əvvəllər Bakıda "Kubinkada" belə bir mağazam vardı. Sonra, Lənkəranda belə bir mağaza açmağa qərar verdim".
Mağazadadakı ən qədim əşyalar, 2000 yaşı olan pullardır, amma Ağa onları satmağı düşünmür: "Burada çox dəyərli, antikvar əşyalar var ki, heç bir vaxt onları satmağı düşünməmişəm. Sadəcə suvenir kimi saxlayıram. Burda hər qiymətə antikvar əşyalar var. 12 manatdan 1500-2000 manata qədər qiyməti olan əşyalar satırıq. Əvvəllər "Kubinkada" samovar satışı ilə məşğul olurdum. Sonra yavaş-yavaş Lənkarana gəldim. Burada yaratdım öz işimi. Hazırda tələbəm Tahirlə çalışıram".
Mağazadakı qədim samovarların qiyməti isə 300-1000 manat arası dəyişir. Ağanın əsas müştəriləri əcnəbilərdir. Lənkarana üz tutan turistlər, bu əraziyə mütləq baş çəkirlər və A. Əhmədovun mağazası ilə tanış olduqdan sonra, oradan qədimi əşyalar almadan geri dönmürlər.
Müsahibimizin sözlərinə görə, köhnə əşyasını satmaq istəyən hər kəs onun dükanına üz tutur: "Bəzən insanlar özləri, bəzən isə bu işlə xüsusi məşğul olan vasitəçilər satmaq üçün əşyalar gətirirlər. Bəzi şəxslər var ki, qapı-qapı gəzib köhnə malları yığırlar. Həmin şəxslər sonradan yığdıqları məhsulları bizim mağazaya gətirib satırlar".
Ağa bu kiçik mağazanın gəlirindən razıdır: "Şükür Allaha, dolanışığımız pis deyil. Əcnəbilər bu tərəflərə çox gələndə işimiz daha yaxşı gedir. Bəzən azərbaycanlılar da antik mallar almağa gəlirlər".
Mağazada samovarlar, qədim kasalar, qablar, sovet dövründən qalmış medallar, tunc dövründən qalmış pullar, qədim ütülər, şamdanlar, kuzələr, mis qablar, kəfkirlər, saatlar, neftlə çalışan istilik sobaları, şallar, güləb qabları və sair var. Qısası, antik əşyalara marağınız varsa, belə kolleksiya toplayırsınızsa, Ağanın dükanına baş çəkməyiniz məsləhətdir…