BAKI, 1 yan — Sputnik. Azərbaycan və Gürcüstan münasibətləri tarixi onilliklərə söykənir. Bununla belə, bu əlaqələr 2016-cı ildə necə inkişaf edib və ölkələr gələcəkdən nə gözləməlidirlər? Bu barədə Sputnik gürcü politoloq Gela Vasadze ilə söhbətləşib.
- 2016-cı ilə yekun vuraraq cari ildə Azərbaycan-Gürcüstan münasibətləri haqqında nə demək olar?
— Yola salmaqda olduğumuz ildə Gürcüstan-Azərbaycan münasibətlərindən danışarkən qeyd etmək lazımdır ki, Gürcüstan da, Azərbaycan da Böyük Yaxın Şərqin bir hissəsidir. Bəs bu gün Yaxın Şərqdə nə baş verir? Düşünürəm ki, bundan danışmaq artıqdır, çünki onu xırdalamağa kifayət qədər vaxt yoxdur.
Bir söz deyəcəm: dünya ümumilikdə, bizim region isə xüsusi olaraq burulğan zonasına daxil olur. Köhnə, ənənəvi əlaqələr qırılır, hansı ki biz artıq soyuq müharibədən sonrakı 25 il ərzində buna vərdiş etmişik. O, birdən-birə aktual olmamağa başlayıb, yaxud da ümumiyyətlə yox olub.
Bu şərtlər daxilində mənə elə gəlir ki, münasibətləri nəinki əvvəlki illərdə olan səviyyədə saxlamaq, onu hər iki ölkənin sabitliyinin qarantına çevirmək xüsusilə vacibdir.
Aydındır ki, söhbət logistik layihələrdən gedir. Azərbaycan Gürcüstanın xarici tərəfdaşıdır və Azərbaycanda baş verən hər şey dərhal Gürcüstana təsir edir.
Yeri gəlmişkən, Gürcüstanda baş verən istənilən stabilliyin pozulması halı Azərbaycana ağrılı təsir göstərir. Misal üçün uzağa getmək lazım deyil, bu il enerjidaşıyıcıların qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, Azərbaycanın iqtisadi sahədəki problemləri və manatın kursunun aşağı düşməsi Gürcüstanın iqtisadiyyatında da ciddi problemlərə gətirib çıxardı. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan iqtisadiyyatı bir-biri ilə o qədər bağlıdır ki, onlardan birində vəziyyət yaxşı olanda o birində də yaxşı olur, əksinə olanda isə əksinə.
Ötən il pis oldu. Biz bilirik ki, gələn il ondan da pis olacaq. Amma yaxşıya ümid edirik.
Siyasətə gəlincə, apreldə bütün region Qarabağda hərbi əməliyyatların gərginləşməsi kimi çətin sınaq qarşısında qaldı. Bu şərtlər altında Gürcüstan sözsüz ki, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Eyni zamanda, ondan asılı olan hər şeyi etdi. Təəssüf ki, Gürcüstanın münaqişənin qaynar fazasında görəcəyi iş olduqca azdır. Bununla yanaşı, vasitəçilik, həmçinin danışıqların Gürcüstan ərazisində aparılması təklif olundu.
Digər hadisələrlə bağlı onu deyə bilərəm ki, Gürcüstan və Azərbaycan qaçqınlarla əlaqədar qətnamənin qəbul olunduğu vaxt BMT-də bir-birini dəstəklədi. Sentyabr ayında Gürcüstanın baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar apardı. Azərbaycana həmçinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili getdi. Həmçinin digər rəsmi şəxslərin qarşılıqlı səfərləri oldu. Belə səfərlər olduqca zəruridir. İkitərəfli əlaqələrdə yeni heç nə baş vermədi, sadəcə, yaxşı xəbərlərin istisna olduğu bir vaxtda xəbərlər yaxşı gəldi.
- Gürcüstanın müdafiə naziri Levan İzoriyanın Bakıya səfərini necə qiymətləndirirsiz? Bu, iki ölkənin gələcək münasibətlərinin inkişafına necə təsir göstərəcək?
— Levan İzoriyanın səfəri adi işçi səfər idi. Bu səfər çərçivəsində də 2017-ci ildə əməkdaşlıqla bağlı yol xəritəsi imzalandı. Bir tərəfdən belə səfərlər ənənəvidir, digər tərəfdən onların əhəmiyyətini kiçiltmək olmaz. Onlar bununla qarşıdakı ildə təhlükəsizlik sahəsində əməkdaşlıq üçün zəmin hazırlayırlar. Bunun əhəmiyyətini zənnimcə izah etməyə ehtiyac yoxdur.
Gələcək əlaqələrə gəlincə, mən artıq dedim ki, region burulğana düşür, çünki Azərbaycan və Gürcüstanı 2017-ci ildə çətin sınaqlar gözləyir. Ümid edək ki, bizim hakimiyyətlərimiz məsələlərə adekvat cavablar tapacaqlar.
- Sizin fikrinizcə, bu münasibətlərdə nə çatışmır?
— Dinamizm və qeyri-standart həll yolları. O yollar ki, onları tamamilə yeni səviyyəyə aparıb çıxarır. Biz münasibətlərin səviyyəsindən razıyıq, amma buna çox da bel bağlamaq, arxayınlaşmaq olmaz. Çətin zamanlarda, hansı ki məhz elə zamandayıq, Azərbaycan-Gürcüstan münasibətlərini keyfiyyətcə başqa səviyyəyə keçirmək üçün yaradıcı təşəbbüslər vacibdir. Bu, sadəcə xoş arzu deyil, həm də zamanın tələbidir.
Regional əməkdaşlıq bizim ölkələrin xarici siyasətinin əsas elementi olmalıdır. Əks təqdirdə biz əvvəllər də bir neçə dəfə olduğu kimi elə vəziyyətə düşəcəyik ki, bizim ölkələrin taleyini başqaları həll edəcək. Mənsə bunu qətiyyən istəmirəm.