Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan
Ömrümüzdən, təqvimimizdən daha bir il arxada qaldı. Yarımçıq qalan işlərimizi, həyata keçməyən arzularımızı, alacaqlarımızı, verəcəklərimizi… yeni ilə daşıdıq. İllərin qovuşub ayrıldığı zaman kəsimində həm ötənlərə, həm də gələcəyə baxış yaranır.
Azərbaycan vətəndaşları üçün 2016-cı ilin yaddaqalan hadisəsi nə olub, 2017 ilə bağlı hansı arzu və gözləntiləri var? Bu sualla müxtəlif peşə, sənət adamlarına müraciət etdik.
Sürəyya Zeynalova (Saatlı, rəssam): Ağır il oldu. Amma “uğursuz” deməzdim. Ölkə ictimaiyyəti aprelin əvvəlində cəbhə bölgəsində baş verənlərin həyəcanını yaşadı. Bu il kənd təsərrüfatında canlanma hiss olundu. Rəhbərlik etdiyim Saatlı Diyarşünaslıq Muzeyi üçün çox qiymətli eksponat əldə etmişik. Şəxsi uğurum kimi "British Council”in Azərbaycan nümayəndəliyinin Rəssamlıq Akademiyası ilə birlikdə Şekspirin 450 illiyi münasibətilə keçirdiyi "Şekspir xalçası" müsabiqəsində nominasiyalardan biri üzrə 1-ci yer tutmağımı qeyd edə bilərəm.
2017 “xoruz ili”dir. Çoxları xoruzun döyüşkənliyini qabardır. Əslində xoruz, məhəbbət, Günəş rəmzidir, bu heyvanda müqəddəslik var. Maddi sıxıntılarımız ola bilər. Amma ümid edirəm ki, bizi çarəsiz durum gözləmir.
Əlizamin Xəlilov (Sabirabad, stomatoloq): 2016-cı il “yaşamaq uğrunda mübarizə” və itkilər ili oldu. Əhalimiz həm istehlak mallarının qiymətinin qalxmasından, həm də bank kreditlərini ödəməkdən əziyyət çəkdi. Mənim əlillik pensiyamın yarısı bir bankın borcuna gedir, başqa bir bank qarşısında da öhdəliyim var. Bu il xeyli sayda bank çökdü, kreditləşmənin dayanmağından iş adamları əziyyət çəkdi. Ölkə həyatında yaddaqalan üç mühüm hadisəni də qeyd edim: aprel döyüşləri, Nardaran hadisələri, bir də dənizdə baş verən faciə. 2016-cı ildə yaxın dostumu itirmişəm. Hələ də bu sarsıntıdan özümə gələ bilmirəm. Oğlum da iş yerini itirib və bu da ailəmizin narahatlığına səbəb olub.
2017-ci ildə əhalinin sağlamlığı üçün ciddi işlərin görülməyini arzulayır və gözləyirəm. Xüsusilə, tibbi sığorta məsələsinin nəhayət bu il öz həllini tapmasına ümid edirəm.
Natiq Əliyev (İmişli, rabitəçi): 2016-cı il “multikulturalizm ili” elan olunmuşdu. Amma onu daha çox “üzgüçülük ili” adlandırmaq olar. Azərbaycan manatının “üzən məzənnə” rejiminə keçməsi, ABŞ dolları qarşısında tədricən dəyər itirməsi iqtisadiyyatımıza, əhalinin güzranına, bank sektoruna mənfi təsirini göstərdi. İl boyu hamılıqla axara qarşı üzməli olduq. Ən sadə adamlar hər gün hava proqnozundan da çox valyuta məzənnəsi ilə maraqlanırdı. İnsanların kommunal xidmətlərin haqqını ödəməyi belə çətinləşib. Şəxsi həyatımda yaddaqalan, qeyd ediləsi önəmli bir hadisə olmayıb.
İlin ilk günü, həm də mənim doğum günümdür. Adətən biz bir il üçün arzu etmirik. Konkret olaraq 2017-ci illə bağlı böyük gözləntilərim yoxdur. Amma elmdə, təhsildə, texnologiyada inkişaf var və buna əsaslanaraq ümid edirəm ki, yaxın gələcəkdə yaxşı olacaq.
İdris Qasımov (Şirvan, vəkil): “2016-cı il həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də hərbi sahədə gərginliklər oldu. Uzunmüddətli atəşkəs rejimi pozuldu və itkilər bahasına olsa belə, torpaqlarımızın bir hissəsi azad edildi. Bütün sahələrdə, o cümlədən hüquq sistemində islahatların aparılmağı zərurətə çevrilib və artıq ötən ildən rəsmi qərarlarla çoxsaylı “yol xəritəsi” qəbul edilib. Ümid edirəm ki, bu qərarlar kağız üzərində qalmayacaq və 2017 “islahatlar ili” olacaq.
2016-cı ili mənə “şirinləşdirən”, bu ildə nəvəmin dünyaya gəlməyidir.
Seymur Həsənov (Beyləqan, əlil): “Böyüklərdən eşitmişik ki, filan il qıtlıq, aclıq olub. Bu baxımdan 2016-nı “kasıbçılıq ili” adlandırardım. Buna da şükür. Şəxsi həyatımda uğur adına nəyisə qeyd etməyə çətinlik çəkirəm. Bircə oğlum Asimin təhsildə qazandığı müvəffəqiyyətlər məni sevindirir. Mən 2-ci qrup əliləm, 10 ildir ki, ailə qurmuşam və hələ də valideynlərimin şəraitsiz evində yaşayıram. Ümidim bircə bunadır ki, dövlət 2017-ci ildə əlillərə, aztəminatlı və gənc ailələrə dəstək göstərər. Yoxsa çox çətin olacaq.