BAKI, 28 dek — Sputnik. Türkiyə və Rusiya, Suriyada tərəflərə təqdim edəcəkləri ümumi atəşkəs planı üzərində razılaşdıqlarını açıqlayıb. Sputnik xəbər verir ki, bu barədə Kommersant-a Rusiya hakimiyyətindəki mənbə məlumat verib.
"Türkiyə ilə Rusiya, Hələbdə əldə olunan atəşkəsdən sonra, Suriyanın digər regionlarında da atəşkəsin olması üçün razılığa gəlib. Hər iki ölkə Suriya iqtidarı və müxalifətinə bununla bağlı planı təqdim edəcək." — nəşr yazır.
Sözügedən planda Suriyanın ərazi bütövlüyü və suverenliyinə bir daha diqqət çəkilir: "İrəliki zamanlarda dövlət quruluşunun necə olacağı kimi mövzulara milli dialoq çərçivəsində suriyalıların qərar verməli olduğu vurğulanır."
Plana görə, Suriyanın bütün bölgələrində bu gecədən etibarən atəşkəs qüvvəyə minməlidir. Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, "Suriya mövzusunda Türkiyə, İran və digər bölgə ölkələri ilə əməkdaşlığı artırmağa davam edəcəyik" demişdi.