CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ona "Zamanın gözü" deyirdilər...

© Sputnik / Rahim MuradovŞeyx Cəmaləddinin məzarı
Şeyx Cəmaləddinin məzarı - Sputnik Azərbaycan
Abunə olmaq
Dəfələrlə sökülməsinə, dağıdılmasına baxmayaraq, türbə bu gün də ziyarət olunub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 dek — Sputnik. Görkəmli müsəlman alimlərinin, şeyxlərin, hökmdar və hökmdar ailəsinin üzvlərinin, ümumiyyətlə tanınmış şəxslərin qəbirləri üzərində ucaldılan, üstü xüsusi qübbələrlə örtülən və ya xüsusi formada inşa olunan tikililər "türbə" adlanır. Zaman keçdikcə türbələr insanlar tərəfində ziyarətgahlara çevrilir.

Azərbaycanın bir çox bölgələrində mütəfəkkir-alimlər, xeyirxah və kəramətli insanlar yaşayıblar. Onlara hörmət əlaməti olaraq, qəbirləri günümüzdə də ziyarət olunur və xatirələri hörmətlə anılır.

© Sputnik / Rahim MuradovŞeyx Cəmaləddin türbəsi
Şeyx Cəmaləddin türbəsi - Sputnik Azərbaycan
Şeyx Cəmaləddin türbəsi

Belə şəxsiyyətlərdən biri də XII-XIII əsrlərdə Azərbaycanın cənub qapısı sayılan Astaranın Pensər kəndində yaşamış Şeyx Cəmaləddin Əbül Həsən olub. Pensər kənd sakini İntizar Mürsəlov Sputnik-in bölgə müxbiri ilə söhbətində bildirib ki, Şeyx Şəhabəddin Mahmud Əhəridən təsəvvüf dərsi alan Seyid Cəmaləddin, sonralar Şeyx Şəhabəddinin xələfi olub.

"XIV əsrdə yaşayan tanınmış alim İbn Beuzazz Seyid Cəmaləddin haqqında belə bir fikir söyləyib: "O, Mahmud Təbrizinin böyük hörmət bəslədiyi şəxsiyyətlərdən biri idi". Dini təhsili təkmilləşdirmək üçün Xarəzmə köçən Şeyx Cəmaləddin, məşhur təsəvvüf alimi Nəcməddin Kübranın tələbəsi olub və "Eynəzzəman" (Zamanın gözü) ləqəbini alıb", — İ. Mürsəlov bildirib.

"Bu ləqəblə məşhurlaşan Cəmaləddin bir müddət Qəzvin şəhərində yaşayaraq və təsəvvüf təlimini orada təbliğ edərək, özünə çoxlu mürid qazanıb. Sonralar Qəzvindən Əbhər şəhərinə köçən Cəmaləddin Şeyx Şəhabəddinə xidmət göstərib. Həmin ərəfədə Şeyxin digər tələbəsi olan Gilanlı Əbül Qasım dünyasını dəyişir. Şeyx Əbül Qasımın cənazəsini doğulduğu Gilan torpağında dəfn etməyi Seyid Cəmaləddinə tapşırır", — Mürsəlov əlavə edib.

Onun dediyinə görə, həmin dövrlərdə Azərbaycanın cənub hissəsi Gilan adlanırdı: "Şeyx Cəmaləddin Əbül Qasımın cənazəsini doğulduğu yerə gətirir və torpağa tapşırır. Bu hadisədən sonra Seyyid Cəmaləddin ailəsi ilə birgə Gilan torpağında, daha doğrusu bir vaxtlar Malavan, sonra Butəsər adlandırılan, indiki Astaranın Pensər kəndi ərazisində məskunlaşır. Bir müddət sonra burada təkkə qurur və sufiliyi təbliğ edir".

© Sputnik / Rahim MuradovSovetlər dönəmində dəfələrlə bu qəbirin sökülməsi və dağıdılmasına baxmayaraq, türbə yenidən qurulub və daim ziyarət olunub
Sovetlər dönəmində dəfələrlə bu qəbirin sökülməsi və dağıdılmasına baxmayaraq, türbə yenidən qurulub və daim ziyarət olunub - Sputnik Azərbaycan
Sovetlər dönəmində dəfələrlə bu qəbirin sökülməsi və dağıdılmasına baxmayaraq, türbə yenidən qurulub və daim ziyarət olunub

"Şeyxin ən məşhur müridlərindən biri də — Şah İsmayıl Xətainin babası Şeyx Səfiəddinin müəllimi, "Şeyx Zahid" ləqəbi ilə tanınan Tacəddin İbrahim olub. Deyilənlərə görə, əkinçiliklə yanaşı, pambıqçılıqla da məşğul olan Seyid Cəmaləddin, müridi olan Tacəddin İbrahimə tapşırır ki, yığdıqları çəltiyi dəyirmana aparsın. Dəyirmandan geri dönən Tacəddin, yorğunluğunu almaq üçün, çiynindəki düyü çuvalını yerə qoymadan bir ağaca söykənir. Həmin anda çuvalın içərisində olan düyü yerə dağılır. O, düyünü yığıb çuvala doldurandan sonra, yerdə qalan bir neçə düyünü ağzına qoymaq istəyir və bu vaxt gözünə öz şeyxi görünür. Bundan dərhal sonra Tacəddin İbrahim tez yerdə qalan düyüləri də çuvalın içinə qoyur", — həmsöhbətimiz danışır.

"Tacəddin İbrahim bu hadisəni mürşidinə danışır və şeyx də öz növbəsində Tacəddin İbrahimə öz nəfsini qoruduğu üçün Zahid ləqəbini verir. Bundan əlavə, Seyid Cəmaləddinin yetişdirdiyi iki məşhur mürid də olub — "Səmada uçan quş" ləqəbi ilə tanınan Pir Məhəmməd və Babul. Şeyx Cəmaləddinin təlimi nəinki Azərbaycanın cənubunda, hətta digər bölgələrdə də geniş yayılıb. Zəmanəsinin qütbü sayılan Şeyx öz həyatını daim insanların İslam elmləri ilə maariflənməsinə sərf edib. O, hicri-qəməri tarixlə 651-ci il şəvval ayının 4-də, miladi tarixlə isə 28 noyabr 1253-cü ildə dünyasını dəyişib", — Mürsəlov vurğulayıb.

Qeyd edək ki, Sovetlər dönəmində dəfələrlə bu qəbirin sökülməsi və dağıdılmasına baxmayaraq, türbə yenidən qurulub və daim ziyarət olunub.

Xəbər lenti
0