Vüqar Bayramlı: Gələcəkdə pensiya alanların sayı azala bilər
Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırıla bilər. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan layihə Milli Məclisə təqdim edilib. APA-nın əldə etdiyi məlumata görə, layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır. İqtisadçı-ekspert Vüqar Bayramlı deyir ki, bu addımın məqsədi büdcə vəsaitlərinə qənaət etməkdir:
“Yaş həddinin artırılması gələcəkdə əmək pensiyasından istifadə edənlərin sayının azalmasına gətirib çıxaracaq. Burada məqsəd büdcə vəsaitlərinə qənaət etməkdir. Çünki əmək pensiyası ilə bağlı yaş həddi artırılırsa, gələcəkdə potensial pensiyaya çıxanların sayında azalmalar baş verir ki, bu da büdcədən bu istiqamətə daha az vəsaitin ayrılmasına imkan verir”.
“İndiki məqamda pesiya yaşının artırılmasını məqsədəuyğun hesab etmək olmaz. Əksinə, mövcud pensiya yaşının saxlanılması daha məqsədəuyğun olardı və bununla gələcəkdə potensial olaraq pensiya alanların sayında azalmalar qeydə alınmazdı”, — deyə o bildirib.