BAKI, 28 dek — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinə (KTN) daxil olan müraciətə əsasən, nazirliyin internet saytında yerləşdirilmiş məlumatda Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9900 AZN göstərildiyi halda, Kapital Bank ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5000 AZN ödənilib. Bu barədə Sputnik-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
KTN-in apardığı araşdırmalar zamanı, Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon komissiyasına təqdim edilmiş siyahı ilə, Zərdab rayon komissiyasından Kapital Bank ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib. Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37185,50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb.
Nazirlik bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarının 50%-nin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə, hər hektara 50 manat məbləğində yardım verilir: "Qeyd edək ki, rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə yaradılmış ərazi komissiyaları hər bir rayon üzrə əkin sahələri və yardım alan istehsalçılar barədə məlumatları toplayaraq, Yardımların verilməsi üzrə Respublika Komissiyasına təqdim edir. Yardımların köçürülməsi üçün rayon komissiyaları yardım veriləcək istehsalçıların siyahısı, bank rekvizitləri və onlara veriləcək yardımın məbləği barədə məlumatı müvəkkil banka göndərir".
KTN bəyan edir ki, şəffaflığı təmin etmək üçün subsidiya alacaq kənd təsərrüfatı məhsulları istehsalçılarının siyahısı (rayonun, kəndin, məhsul istehsalçısının adı, əkin sahəsi və alacağı subsidiyanın miqdarı) Kənd Təsərrüfatı Nazirliyinin internet saytında subsidiyalar ünvanında yerləşdirilir. Nazirlik aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.