Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Gizli ticarət" təhlükəsinin qarşısı alındı

© Sputnik / Murad OrujovSpirtli içkilərin satışı
Spirtli içkilərin satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Nağd alqı-satqı ilə bağlı qadağanın tətbiqini doğru zamanadək təxirə salmaq düzgün addımdır"

BAKI, 28 dek — Sputnik. Gələn il yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin pərakəndə qaydada nağd pulla satışına qoyulan qadağa rəsmən ləğv edilir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında, 24 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

Spirtli içki - Sputnik Azərbaycan
Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı

Qeyd edək ki, aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir. "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" 2016-cı il yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməməsini nəzərdə tuturdu.

Başqa sözlə, aksiz markası ilə markalanmalı olan alışı və satışı bu malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə həyata keçirilə bilərdi. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqdı.

Marketdə siqaret satışı - Sputnik Azərbaycan
HADİSƏ
Siqaret satışı ilə bağlı sərt qərar qəbul edildi

Ancaq bu il yanvarın 1-dən spirtli içkilərin və pivənin nağd qaydada pərakəndə satışına qoyulan qadağanın tətbiqi mümkün olmadı. Nağdsız ödəniş üçün əksər insanlarda plastik kartların olmaması, ticarət obyektlərində də lazımi avadanlıqların olmamasını nəzərə alan dövlət başçısının müdaxiləsi ilə qadağanın tətbiqi müvəqqəti dayandırıldı. Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli fərmanı ilə pivənin pərakəndə qaydada nağd satışına qoyulan qadağa ləğv edildi. Azərbaycan prezidentinin 24 dekabr 2016-cı il tarixli fərmanı ilə "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"na edilən dəyişikliklə isə, artıq spirtli içkilərin nağd pulla pərakəndə qaydada satışına qoyulan qadağa rəsmən ləğv edilir. Bu fərman 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.

Bu, həm də o deməkdir ki, 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.

© Photo : Z.Əhmədovun şəxsi arxiviİqtisadçı-ekspert Zaur Əhmədov
İqtisadçı-ekspert Zaur Əhmədov   - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Zaur Əhmədov

Mövzunu Sputnik-ə şərh edən iqtisadçı-ekspert Zaur Əhmədovun sözlərinə görə, spirtli içkilərin və pərakəndə satış istisna olmaqla, tütün məmulatlarının nağd satışının qadağan edilməsi ticarət dövriyyəsinin şəffaflaşdırılması baxımından olduqca dəyərli bir addım hesab edilməli idi: "Amma təkcə sözügedən məhsulların yox, Azərbaycanda bu məhsullarla yanaşı bütün məhsulların məhz kartlarla və yaxud da digər formalarda nağdsız qaydada satışının həyata keçirilə bilməsi iqtisadiyyatımızda vergi tutulan dövriyyənin genişlənməsi ilə nəticələnəcəkdi".

"Lakin, bildiyimiz kimi, ötən il bu qadağanın, tətbiq edildikdən dərhal sonra ləğv edilməsinin ən əsas səbəbi onun işlək mexanizminin olmaması idi. Pərakəndə ticarət dovriyyəsi üçün əhalidə yetərli sayda kartların olmaması, ölkənin bütün ərazilərində satış obyektlərində post-terminalların olmaması və s. səbəblər qadağadan sui-istifadəyə, süni qiymət artımına, qanunsuz satışa və bunu həyata keçirən satıcıların cərimələnməsinə və yaxud da hər hansı formada cəzalandırılmasına gətirib çıxaracaqdı", — Əhmədov qeyd edib.

Ekspert bildirib ki, bu məhsullardan istifadə edən alıcıların hamısında plastik kartın mövcudluğu sual altında idi: "Əhalidə 6 milyondan çox kart olsa da, bu, həmin kartların siqaret çəkənlərin, spirtli içki almaq istəyənlərin hamısında olması anlamına gəlmir. Dövlət sektorunda və ciddi biznes strukturlarında çalışan hər kəsin plastik kartı olsa da, kartdan istifadə etməyən və ümumiyyətlə kartı olmayan əhali də az deyil. Çünki, bir çoxları nağd ödənişi daha asan və daha tez hesab etdiyinə görə kartdan istifadəyə üstünlük vermirlər. Bu da aksizli məhsulların kartla satışı ilə bağlı qadağanın tətbiqi zamanı ticarət dövriyyəsinə kəskin təsir edirdi".

"Bu addım müsbət tərəfləri ilə yanaşı, mənfi hallara da yol aça biləcəkdi. Ən sonda isə qadağaya əməl edərək həmin məhsulları qanuna zidd formada satmayan sahibkarların dövriyyəsinə birbaşa mənfi təsir etməli idi." — həmsöhbətimiz bildirib.

Z. Əhmədovun sözlərinə görə, ölkədə gün ərzində 1 milyon qutudan artıq siqaret satılır: "Ən ucuz siqaretin qiymətini 1 manatdan götürdükdə hər gün marketlərin satış dövriyyəsində bir milyon manatlıq dövriyyədə problemlər formalaşa bilərdi. Ona görə də bu addımın tətbiqinin ilin əvvəlində yubadılması, ən azı vergi ödəyicilərini qorumaq baxımından tamamilə doğru addım idi".

İqtisadçıya görə, qanunun tam işləməsi üçün mexanizm yoxdursa, deməli, dükan sahibləri hansısa qanunsuz əmələ yol verməlidirlər: "Yəni, gizli satış həyata keçirəcəkdilər ki, bu zaman gizli ticarət dövriyyəsi formalaşacaqdı. Bundansa qadağanın tətbiqini doğru zamanadək təxirə salmaq, daha işlək mexanizm hazırlayandan sonra həmin qərarı tətbiq etmək daha düzgün addımdır".

Xəbər lenti
0