BAKI, 26 dek-Sputnik. Yeni il bayramı ərəfəsində Qusar və Qəbələnin dağ-xizək kurortlarındakı otellərdə demək olar ki, boş yer yoxdur.
Bu barədə Sputnik-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirib.
Onun sözlərinə görə, yerlərin əksəriyyəti 30 dekabr-3 yanvar tarixlərinə bron edilib. İstirahətə gələnlərin çoxu yerli vətəndaşlardır. Xaricilər də az deyil. Misal üçün, yeni ildə bura Rusiya və ərəb ölkələrindən turistlər gələcək.
Bağırov qeyd edib ki, ilin bu vaxtında hamı qar və Yeni il əhval-ruhiyyəsi axtarır. Turistlərin çoxu regionlara istiqamət götürür. Bakıda bayram tətili günlərində otellər adi rejimdə işləyir və demək olmaz ki, paytaxtda boş yer tapmaq mümkün deyil.
Bununla yanaşı, Qusar və Qəbələ rayonlarında otellərdəki yerlərin qiymətlərini otellərin özləri tənzimləyir. Misal üçün, elə otellər var ki, orada bir nəfər 4 gecə qalmaq üçün orta hesabla 500-600 manat xərcləməlidir. Qiymətlər isə nömrələrin növündən, neçə nəfərlik olmasından və s. asılıdır.
Ekspertin sözlərinə görə, Azərbaycanın dağ-xizək kurortlarındakı qiymətlər dünyanın digər ölkələri və Gürcüstanın Bakuriani kurortu ilə müqayisədə ən sərfəlisidir.
Avropa ölkələrində dağ-xizək kurortlarında qiymətlər xeyli yüksək, şərtlər isə əlverişsizdir. Elə hallar olur ki, otelçilər nömrələri yalnız 7-10 gün müddətinə bron edirlər.
Bağırov Azərbaycanda qiymətlərin niyə aşağı olduğunu onunla izah edib ki, dolların qiyməti qalxdıqdan sonra da burada qiymətlər manatla qalıb. Lakin bütün dünyada tariflər vaxtaşırı tənzimlənir.