BAKI, 23 dek — Sputnik. 1947-ci il dekabrın 2-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edib.
Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, sovet rəhbəri İosif Stalinin "sağ əli" Anastas Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər.
1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandakı yurd-yuvalarından deportasiya edilərək Azərbaycana köçürüldü.
1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azalmışdı. Bunu 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alınması müqabilində, 1959-cu ildə 3413 nəfər azərbaycanlının qeydə alınması əyani göstərir.
Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilib. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, adi insan hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilib, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər azərbaycanlı deportasiya edilib.