BAKI, 22 dek — Sputnik. Ankarada, sui-qəsd nəticəsində qətlə yetirilən, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu gün Moskvada son mənzilə yola salınır. Sputnik xəbər verir ki, Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib.
Vida mərasiminin təşkil edildiyi salonda Karlovun yaxınları, dostları və XİN-in əməkdaşları öz yerlərini tutublar. Vida mərasiminə qatılan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Karlovun ailəsinə başsağlığı verib və qısa vida nitqi söyləyib.
Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev də XİN-in binasındakı mərasimə qatılıblar. Putin Karlova vida etmək üçün bu günə planlaşdırılan ilin yekunlarına dair mətbuat konfransını təxirə salıb. Prezidentin nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, mətbuat konfransı dekabrın 23-də baş tutacaq.
XİN-dəki vida mərasimindən sonra Karlovun cənazəsi Xilaskar İsa Katedral kilsəsinə gətirilib. Buradakı cənazə mərasimini Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirill idarə edib.
Qeyd edək ki, baş nazir Dmitri Medvedyev Karlovun cənazəsinin ölkəyə gətirilməsi və dəfni xərclərinin dövlət tərəfindən ödənilməsi barədə qərar imzalayıb.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da axşam saatlarında Ankarada qatıldığı bir foto sərgisində məruz qaldığı silahlı hücum nəticəsində həyatını itirib.