BAKI, 22 dek — Sputnik. Lənkəran və Masallı rayonlarında qalmaqallı cinayət hadisələri baş verir. Belə ki, Elçin Piterski ("Piter Elçin") adı ilə məşhur olan "kriminal avtoritet" Elçin İsmayılovun düşmənləri, onun nəslindəki bütün kişiləri məhv etməyi qarşıya məqsəd qoyublar.
Ötən gün, 43 yaşlı Elçin İsmayılov ikinci qardaşını itirib. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, indi növbə "kriminal avtoritet"in özünündür.
Masallı rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, Elçin İsmaylovun qardaşını qətlə yetirməkdə ittiham edilən şəxs saxlanılıb. Həmin şəxsin Lənkəran rayon sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə olduğu bildirilir.
Qətl hadisəsi bu həftənin 3-cü günü Masallı rayonunun Türkoba kəndində baş verib. Cinayətin qurbanı, Rusiya vətəndaşı, əslən Lənkəran rayonunun Boladi kəndindən olan, 1979-cu il təvəllüdlü İsmayılov Fariz Maşallah oğludur. Qatil səsboğucu ilə təchiz edilmiş avtomatik tapança ilə İsmayılovu, rəsmən dəlik-deşik edib. Axırda da qatil qurbanın öldüyünə əmin olmaq üçün onun başına bir güllə sıxıb.
Ehtimal var ki, qatil onu xeyli müddət güdüb və Masallıda yaxalayıb. Quluzadə cinayətdən sonra Lənkəran Polis İdarəsinə gedib. Orada etiraf edib ki, İsrail istehsalı olan "UZİ" markalı avtomat tapança ilə adam öldürüb. Tapança isə hazırda polis idarəsinin həyətindəki maşındadır.
Quluzadə silahı və 7 ədəd gülləni polisə təhvil verib. Məlumata görə, sözügedən silah Azərbaycana qaçaq yollarla gətirilib. Hadisənin törədildiyi yerə baxış zamanı 25 ədəd giliz aşkarlanaraq götürülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, İsmayılovun qətli qan davasının nəticəsi olub. Belə ki, bu il iyunun 20-də Sankt-Peterburqdakı Sofiya tərəvəz bazasında Elçin İsmayılovun digər qardaşı — tərəvəz mağazalarının sahibi Maarif İsmayılov öldürülüb. Ticarətçilər 27 yaşlı killer Emil Hüseynovu saxlayıblar. Az qala, onu parçalayacaqdılar ki, hadisə yerinə polis gəlib və gənc qatili ölümdən xilas edib.
Hər şey dörd il əvvəl, Elçin İsmayılovun Rusiyada Məzahim Daşdəmir oğlu Quluzadənin oğlunun qətlini sifariş etməsindən başlayıb. Mərhum, ötən gün Fariz İsmayılovu qətlə yetirən Muraq Quluzadənin əmisi oğlu olub. İsmayılovlarla Quluzadələr arasındakı münaqişə tərəvəz bazaları sahəsinə nəzarət və pul gəlirlərinin bölüşdürülməsi üstündə başlayıb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.