BAKI, 22 dek — Sputnik. Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan "ASAN Radio" 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb. Bunu Sputnik-ə açıqlamasında "ASAN Radio"nun direktoru Emin Musəvi deyib.
Onun sözlərinə görə, Azərbaycanda FM dalğasında 13 radiostansiya fəaliyyət göstərir ki, onlardan biri də "ASAN Radio"dur: ""ASAN Radio" ən gənc və yeni radiodur. Buna baxmayaraq, bu müddət ərzində kifayət qədər işlər görülüb. "ASAN Radio" həm ASAN xidmət mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır və vətəndaşlarla bu qurumların arasındakı əlaqəni möhkəmləndirir".
"Əsas missiyamız maarifləndirməkdir, prioritet isə dövlət xidmətləri sahəsidir. Bununla yanaşı, müxtəlif istiqamətlərdə — sosial, elm, idman, mədəniyyət və digər sahələrdə maraqlı və dinləyicilər üçün faydalı olan verilişlər hazırlanır", — Musəvi bildirib.
Onun sözlərinə görə, "ASAN Radio" həm də gələcəyin media işçilərini yetişdirir: "ASAN könüllülər burada "Master-2" proqramı çərçivəsində təcrübə keçirlər, 2 ay keçdikdən sonra isə onlara sertifikat təqdim olunur. Onlar bizdə və ya digər media qurumlarında işə qəbul olunurlar. Bu, onların şansını artırır".
Qeyd edək ki, "ASAN Radio" Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan başqa, radionu asanradio.az saytı vasitəsilə və xüsusi olaraq hazırlanan mobil tətbiqlərdən istifadə etməklə dinləmək mümkündür.