BAKI, 22 dek — Sputnik. Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2015-ci ili əhatə edən son hesabatına görə, bütün dünya üzrə maaş artımı son dörd ildə ən aşağı həddə olub. Sənəddə, əmək haqlarının, əsasən 2008-2009-cu illərdən üzü bəri enməyə başladığı və bu göstəricinin 2015-ci ildə 1.7- 2.5% təşkil etdiyi qeyd olunur.
BƏT-in hesabatına görə, keçən il Avropada əmək haqqı göstəricisi, Rusiya və Ukraynada maaşların aşağı olması səbəbindən 5,2% azalıb. Hesabat müəllifləri iddia edirlər ki, normal maaş, yalnız dünyanın inkişaf etmiş ölkələrində mövcuddur.
G20 ölkələrində orta əmək haqqı, son dörd ildə 0,2%-dən 1,7%-ə kimi artıb. Ən böyük artım isə ABŞ-da qeydə alınıb — 2,2%. Bu göstərici Avropa Birliyi ölkələrində 1,9%-ə bərabər olub. BƏT hesab edir ki, əmək haqlarının bu həddə qalması hələ də sual altındadır. Ancaq onun daha aşağı həddə düşməsi iqtisadiyyata mənfi təsir göstərən riskli addımdır.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, son vaxtlar dünyada gedən bəzi iqtisadi proseslər, bank sektorunda baş verən bəzi hadisələr, ümumiyyətlə, dünyada iqtisadi artım tempinin aşağı düşməsi insanların qazanclarına, gəlirlərinə və maaşlarına da birbaşa təsir göstərir: "Yəni, son illər dünyada ÜDM-in artım tempi, məsələn, 5-10 il bundan öncəyə görə, xeyli dərəcədə aşağı düşüb, təqribən 2 faiz civarında dəyişir. Bu da, əsasən Hindistan və Çinin böyük artım sürəti göstərdiyinə görə baş verib".
"Bu, iqtisadi artımın zəifləməsi və sürətin azalması ilə bağlıdır. Bunun da bir neçə səbəbi var idi. Yəni, beynəlxalq aləmdə siyasi, iqtisadi proseslər baş verir. Görünən odur ki, məhz inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa və Amerikada maaşların, real gəlirlərin artımı digərlərinə nisbətən üstündür", — mütəxəssis bildirib.
Cəfərli, burada bir çox parametrlərin olduğunu qeyd edib: "Məsələn, bir çox beynəlxalq təşkilatlar tərəfindən maaşlar bəzən aylıq, illik və günlük hesablanır. Bu hesablamalara görə də reytinqlər müəyyən olunur. Son zamanlarda önə çıxan ölkələr ənənəvi inkişaf etmiş ölkələr olur. Buraya Avropa Birliyinə daxil olan, həmçinin ABŞ, Kanada, Avstraliya, Yaponiya kimi ölkələr həmişə öncüllük edir. O da maaş artımının sürətinə və real gəlirlərin artımına görə. Nə qədər ölkələr çox inkişaf edirsə, insanların gəlirliliyi də o qədər artıq olur".
Azərbaycana gəlincə, ekspert bildirib ki, ölkədə kifayət qədər alternativ mənbələr yoxdur: "Rəsmi rəqəmlərə görə, Azərbaycanda bu ilin ilk 10 ayında, təqribən 7 faizə yaxın maaşlarda və gəlirlərdə artım olub. Amma rəsmi inflyasiya da, təqribən 12 faiz olub. Deməli, əhalinin real gəlirləri nəinki artmayıb, əksinə azalıb. Çünki, inflyasiya o real gəlirləri obrazlı desək, "yeyib". Yəni, Azərbaycanda gəlirlərin və maaşların artım tempi və hesablanma metodologiyası ilə xaricdə tətbiq olunan metodologiyalar arasında bəzi fərqlər var".
İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik-ə açıqlamasında deyib ki, dünya iqtisadiyyatında artım trendləri, əsasən inkişaf etməkdə olan ölkələrdən qaynaqlanır: "Yəni, məhz inkişaf etməkdə olan ölkələrin — Çin, Türkiyə, Braziliya və s. yüksək faizli göstəriciləri hesabına orta səviyyədə artım müşahidə olunurdu. Amma 2014-cü ildən sonra inkişaf etməkdə olan ölkələrin tərəqqi templərində müəyyən geriləmə müşahidə olunmağa başladı. O cümlədən də Çin. Çin iqtisadiyyatında gözlənilən artım tempinin aşağı düşməsi nəticəsində gəlirlərin azalması riskləri ortaya çıxmağa başladı. Eyni zamanda, dünyanın digər qalan iqtisadiyyatları üçün bir həyəcan siqnalı hesab olunurdu".
"Əslində istehsal prosesində müəyyən durğunluq dövrü, eyni zamanda, növbəti dövrlər üçün istehlakın azalacağı ehtimalına qarşı passiv istehsal mövqeyinə keçid müşahidə olundu. Bu da dövr ərzində əmək resurslarına olan tələbatı aşağı salan amillərdən biri kimi qiymətləndirilir. Belə olduğu halda da, təklif olunan əmək haqlarının azalması tempi təşəkkül tapmağa başlayır. İnkişaf etmiş ölkələrdə isə bu, nisbətən daha stabil səviyyədə müşahidə olundu", — Həsənov qeyd edib.
Azərbaycana gəlincə, ekspert bildirib ki, Azərbaycanda vəziyyət 2014-cü ildən sonra, enerji resurslarının dəyərsizləşməsi fonunda daha da çətinləşib: "Rəsmi statistikada, əhalinin gəlirlərində, orta aylıq əmək haqqında artımın olduğunu göstərilsə də, sorğular onu göstərir ki, əslində 2015-ci ilin ilk rübündən sonra əmək bazarında çox ciddi geriləmə və gərginlik müşahidə olunmaqdadır. Bu, iş yerlərinin sayının azalması, eyni zamanda, iş saatının aşağı düşməsi, digər tərəfdən isə təklif olunan orta aylıq əmək haqqı həcmində azalma ilə müşahidə olunur".
"Bu hal 2016-cı ildə də davam edib. Amma rəsmi statistika 2016-cı ilin 10 ay ərzində 7 faizlik orta aylıq əmək haqqında artım göstərir. Əslində müşahidələr, sorğular onu göstərir ki, əhalinin gəlirlərində, eyni zamanda, muzdla çalışanların orta aylıq əmək haqqında hər hansı bir artımdan, ən azı son 2 ildə danışmaq olmaz. Bu baxımdan Azərbaycandakı hazırki vəziyyət dünya ortalamasından və dünyada müşahidə olunan vəziyyətdən qat-qat geridədir", — mütəxəssis vurğulayıb.