BAKI, 20 dek — Sputnik. Müşahidələr göstərib ki, "Pokemon Go" oyunu bir müddət öz oyunçularının fiziki formalarını yaxşılaşdırır. RİA xəbər verir ki, BMJ jurnalında dərc olunan məqaləyə görə, oyunçular hər gün adi haldan bir kilometr daha çox gəzdikləri üçün öz çəkilərini azaldıblar.
"Pokemon Go" oyunu "Niantic" korporasiyası tərəfindən 2016-cı ilin iyul ayında buraxılıb. Bu oyun "virtual və real dünyanı birləşdirən" ilk oyun olduğu üçün çox məşhurdur. Oyunun çıxdığı ilk aylarda yarım milyarddan artıq insan onu yükləmişdi.
"Niantic" qeyd edirdi ki, oyun insanları tək əyləndirmir, həm də onları böyük məsafələri qət etməyə məcbur edərək, öz sağlamlıqlarını yaxşılaşdırmağa imkan verir. Bundan başqa, pokemon axtarışında olan insanlar yeni gözlənilməz yerlərə getməli olurlar.
Lakin təcrübə göstərdi ki, oxşar "macəralar" gözlənilməz kəşflərə və xoşagəlməz sürprizlərə də gətirib çıxarır. Məsələn, ABŞ-ın Missuri ştatındakı quldurlar nadir pokemonlar olan yerlərdə pusqu qururdular, digər ştatlarda isə pokemon axtaran şəxslər itkin düşmüş adamların cəsədlərini tapmağa başladılar.
Rusiyada isə deputatlar dəfələrlə bu oyunu qadağan etməyi təklif ediblər. Bir video-bloger Yekaterinburqdakı məbəddə oynadığına görə həbs olunmuşdu.
ABŞ-ın Harvard Universitetindən olan Ketrin Hou və onun həmkarları pokemon axtarışının insan sağlamlığına təsirini öyrənməyə çalışıblar. Bu məqsədlə onlar avqustun əvvəlində müntəzəm olaraq "Pokemon Go" oynayan min könüllüdən ibarət qrup toplayıblar və onların smartfonlarına addımları ölçən proqram yükləyiblər.
Bir neçə həftə sonra nəticələr göstərib ki, "pokemonçular" bu oyunu oynamayan şəxslərdən gün ərzində 800-1000 metr daha çox gəzirlər. Alimlər qeyd edirlər ki, bu, 11 dəqiqəlik yavaş gəzməyə bərabərdir. Bu məsafə, həmçinin fiziki formanı saxlamaq üçün Ümumdünya Səhiyyə Təşkilatının gəzməyi məsləhət gördüyü məsafənin yarısına bərabərdir. Belə olan halda, demək olar ki, ilk həftələrdə bu oyun həqiqətən də artıq çəki ilə mübarizə aparmağa kömək edib.
Digər tərəfdən isə, məlum olub ki, bu pozitiv effekt uzun çəkmir və ən uzağı beş həftəyə qədər davam edir. Vaxt keçdikcə, oyunçular daha az oynamağa başlayırlar və artıq beşinci həftəyə onların və bu oyunu oynamayan şəxslərin gəzdikləri məsafə arasındakı fərq sıfıra enir.
"Lakin bu 5-6 həftəlik fiziki aktivliyi hesabdan çıxarmaq olmaz. Biz, sadəcə tapmalıyıq ki, insanlarda gəzməyə, müəyyən hərəkətlər etməyə və başqa aktivlik formaları ilə daha çox məşğul olmağa necə maraq yaradaq", — deyə alimlər əlavə ediblər.