Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manatı növbəti təhlükə gözləyir

Abunə olmaq
"Manata təzyiqlərin davam edəcəyi gözlənilir. Çünki, Azərbaycan bazarında dollara olan tələb təklifi üstələyir"

BAKI, 19 dek — Sputnik. Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Direktorlar Şurası, 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırmaq barədə qərar qəbul edib. Bu qərar, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclasının yekununda qəbul edilib.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

FED-in bu qərarının Azərbaycana, həmçinin qonşu Türkiyə və Rusiyaya təsirləri nədən ibarət olacaq? Bu sualı Sputnik-ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov mənfi təsirləri istisna etmir: "Bu üç ölkənin hər birinin milli valyutasına təzyiq var. Rubla, lirəyə və manata təzyiqlər var. Amma Rusiya rubluna təsiri, digər valyutalarla müqayisədə nisbətən azdır. Bu da onunla bağlıdır ki, Rusiya rublunun bazar məzənnəsi var. Lirədən fərqli olaraq Rusiya rubluna təzyiqlər son aylar azalıb. Sözsüz, rubla təsir göstərir. Çünki, möhkəm dollar nəticə etibarı ilə bütün inkişaf etməkdə olan ölkələrin valyutalarına təsirsiz ötüşmür".

"Təsirlər birmənalı şəkildə müşahidə edilir hazırda. Lirə artıq bir neçə aydır ki, psixoloji təzyiq altındadır. Bu da məzənnənin aşağı düşməsinə gətirib çıxardır. Digər tərəfdən, investisiyanın Türkiyəni tərk etməsi ilə bağlı məlumatlar var. Türkiyənin idxal və ixrac əməliyyatlarında dollardan imtina etməsi ilə bağlı rəsmi açıqlamalar var. Bu da valyuta bazarında gərginlik yaradır. Nəticə etibarı ilə lirəyə təsir göstərir", — Bayramov bildirib.

Azərbaycan manatına gəlincə: "Manata təsir artıq hiss edilməkdədir. Çünki, rəsmi məzənnədə manat dollara nisbətən dəyər itirir. Dekabrın 15-də keçirilən hərracda, eləcə də "qara bazar"da manatın məzənnəsində hiss edilən azalmalar müşahidə olunub. FED-in qərarından öncə "qara bazar"da 1 dolları almaq üçün 1 manat 83 qəpik ödəmək lazım idisə, bu rəqəm hazırda 1.90-ı keçib. Nəticədə dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur".

"Manata təzyiqlərin davam edəcəyi gözlənilir. Çünki, Azərbaycan bazarında dollara olan tələb təklifi üstələyir. Eyni zamanda, Azərbaycanın tədiyyə balansında da defisit var. Bu o deməkdir ki, ölkədən çıxan valyutanın həcmi daha çoxdur. Nəticədə FED-in qərarı fonunda, manata olan təzyiqlər genişlənəcək", — iqtisadçı əlavə edib.

V. Bayramov fikrincə, FED-in 2017-ci ildə yenidən uçot dərəcəsini qaldıracağı ilə bağlı gəzən söhbətlər ondan xəbər verir ki, ABŞ-da artım tempinin yüksələcək: "Təbii ki, bu addım ixracata təsir göstərir. Bu, nəticə etibarı ilə Amerikada istehsal olunan məhsulların qiymətini artırır. Amma ABŞ müqayisəli üstünlüyə malik olan məhsullar ixrac etdiyi üçün, bu, ABŞ ixracatının kəskin şəkildə azalmasına səbəb olmayacaq. Uçot dərəcəsinin mərhələli artımı da onunla hesablanır ki, ABŞ-ın ixrac qabiliyyəti azalmasın".

Xəbər lenti
0