BAKI, 19 dek — Sputnik. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev, çoxillik səmərəli ictimai fəaliyyətinə, Litva milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinə və vətəndaşlıq şüurunun artırılmasına, Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələrinin inkişaf etdirilməsinə verdiyi mühüm töhfələrə görə, Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən mükafatlandırılıb. Bu barədə Sputnik-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.
"1979-cu ildən Vilnüs şəhərində yaşayan və çalışan Mahir Həmzəyev, elmi-ədəbi fəaliyyətlə yanaşı, diaspor işi ilə də məşğuldur. 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətini yaradan Mahir Həmzəyev, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətliamı mövzusunda, 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik məqalələrin müəllifidir", — məlumatda bildirilir.
Qeyd olunur ki, Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M. Həmzəyev, 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.