Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 dek — Sputnik. Qax rayonunda canavar sürüsü Qaratala kənd sakini Həmzət Abbasova məxsus iribuynuzlu heyvanlara hücum edib. Abbasovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə dünən günorta saatlarında baş verib.
"Öz şəxsi mal-qaramı yaxınlıqdakı otlaqda otararkən canavar sürüsü heyvanlara hücum etdi. İnəklərin ikisini yaralayıb, bir ana inəyi də tamamilə tələf etdi", — kənd sakini bildirib.
Dediyinə görə, həmin vaxt özü hadisə yerində olsa da, canavarların öhdəsindən gələ bilməyib: "Çünki əlimdə heç bir silah yox idi. Silah saxlamağa da icazə verilmir. Buna görə də bölgəmizdə canavarlar həddindən artıq çoxalıb".
"İribuynuzlu və xırdabuynuzlu mal-qaradan başqa, insanlar üçün də bu, çox təhlükəli haldır. Çaqqallar da həyətlərdən toyuq-cücəni aparır. Bu da kənd əhalisinə, kənd fermerlərinə həddindən artıq maddi ziyan vurur. Bunun qarşısını almaq üçün ən yaxşı tədbir budur ki, atıcılıq qabiliyyəti olan əhaliyə silah verilsin. Bu, canavar və çaqqalların hücumlarının qarşısını alacaq, sayını azaldacaq", — H. Abbasov vurğulayıb.
O, hazırda kənd əhalisində silah olmadığını qeyd edib: "Doğrudur, bu heyvanların kökünü kəsməyi biz bacarmarıq. Qanunən düzgün deyil. Ancaq bu heyvanların sayı azaldılmalıdır. Belə getsə, kəndlərdə mal-qara saxlamaq mümkün olmayacaq".