BAKI, 17 dek — Sputnik. Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarının qiymətini artıraraq 7 manat edib. Məsələni Sputnik-ə şərh edən, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edərək, yerində Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs yaradılıb: "Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. Lakin, 2017-ci ilin yanvarın 1-dən dövlət TQDK-nın (DİM) işçilərinə maaş verməyəcək. Onlara sadəcə 1 milyon pul ödəniləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq".
"Apardığım araşdırma nəticəsində məlum oldu ki, fəaliyyəti dövründə dövlət icra orqanı olaraq, əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı. Bunun, təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Amma yeni yaradılan Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən maliyyələşdirilməyəcək. Ona görə də bu qurum tərəfindən keçiriləcək imtahanların qiymətində ciddi artımın olması qaçılmazdır", — ekspert bildirib.
K. Əsədovun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilən yeni əsasnaməyə görə, dövlət tərəfindən TQDK-ya sifariş verilən IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq: "İlkin olaraq DİM IX siniflər üçün online sınaq imtahanlarının qiymətində ciddi artım etdi. Belə ki, imtahan.az saytından qeydiyyatdan keçib öz biliyini və hazırlıq səviyyəsini yoxlamaq istəyən məktəbli, indi 7 manatından keçməli olacaq. Qeyd edim ki, keçən il sınaq imtahanına yazılış 3 manat (ƏDV daxil 3.54 AZN) idi".
"Amma bu, o demək deyil ki, TQDK-nın indiyə qədər keçirdiyi imtahanlar pulsuz idi. Hər il TQDK tərəfindən keçirilən 1 sınaq imtahanında iştirak etmək üçün, iştirakçı 3 manat (ƏDV daxil 3.56 AZN), qəbul imtahanında iştirak etmək üçün 2 manat (ƏDV daxil 2.36 AZN) ödəməli olurdu. İştirak etdiyi imtahanın nəticəsini öyrənmək üçün isə, iştirakçı 0.26 AZN-indən keçməli idi. Bu, o deməkdir ki, qeyd olunan məbləğlər DİM tərəfindən ciddi şəkildə artırılacaq", — mütəxəssis vurğulayıb.
Həmsöhbətimizin dediyinə görə, 2016-cı ildə sınaq imtahanı iştirakçılarının, imtahan nəticələri haqqında internet və ya qısa mesajdan (SMS) istifadə sayı 1757979 min təşkil edib və bu xidmətdən istifadə haqqı 0.26 manatdır. Bundan əlavə, 2016-cı ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə sənəd vermək istəyən abituriyentlər üçün elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulundan istifadə sayı 96249 olub ki, bu xidmətdən istifadə haqqı da 2.54 AZN-dir. Habelə, statistikaya nəzər salsaq, görərik ki, 2016-cı ildə namizədlərin (abituriyentlərin, bakalavrların və s.) ərizələrinin onlayn qəbulu üzrə istifadə sayı 286782 dəfə olub ki, bunun da xidmət haqqı 2.54 AZN təşkil edir. Bakalavr səviyyəsinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanından istifadə sayı 2016-cı ildə 195879 olub ki, bu xidmətdən istifadə haqqı 3.56 AZN-dir. 2016-cı ildə TQDK-nın göstərdiyi bunlardan əlavə də xidmətlər olub ki, bu fəaliyyətdən əldə edilən gəliri hesablasaq, görərik ki, DİM-in imtahanların qiymətlərini artırmasına heç bir ehtiyac yoxdur".
K. Əsədov bildirib ki, Azərbaycanda, hazırda dünyada qəbul olunmuş İELTS, TOEFL, YÖS, SAT imtahanları da keçirilir və onlar ödənişlidir: "Bu imtahanlarda iştirak üçün ödənilən məbləğ TQDK-nın imtahan qiymətləri ilə müqayisədə çox yüksəkdir. Lakin burada bir məsələ var ki, qeyd etdiyim imtahanların nəticələri beynəlxalq aləmdə ciddi şəkildə qəbul edilir və tanınır. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sınaq, qəbul imtahanlarında və jurnal, kitab və kitabçalardan da kifayət qədər böyük məbləğ əldə edir. Bu səbəbdən də xidmət tariflərinin qaldırılması günün tələbi deyil".
"Nə qədər ki, TQDK-nın imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilmir, xidmət haqqı artırıla bilməz. Yəni imtahanda abituriyentə təqdim olunan 20 səhifəlik sual kitabçası və 1 vərəqəlik cavab kartının hazır vəziyyətə gətirilməsi üçün 60-80 qəpik vəsait sərf olunur ki, bu da abituriyentin imtahanda iştirak etmək üçün ödədiyi 3.56 manatın içərisindədir".