CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin ən varlı rayonunda arzuolunmaz mənzərə

© Sputnik / Ilham MustafayevSoğan anbarı
Soğan anbarı - Sputnik Azərbaycan
Abunə olmaq
Təsərrüfatçılar becərdikləri məhsulu sata bilmirlər. Kreditini ödəyə bilməyənlər şəxsi əmlaklarını dəyər-dəyməzinə satırlar.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 dek — Sputnik. Şəmkir Azərbaycanın həm ən varlı, həm də ən zəhmətkeş insanlarının yaşadıqları rayonlardan biridir. Bu rayonun hər bir kəndi demək olar ki, ata-babadan tərəvəzçiliyin müxtəlif sahələri üzrə ixtisaslaşıb.

Şəmkirin Yenihəyat kəndinin sakinlərinin əsas məşğuliyyəti soğançılıqdır. Bu kənddə hər 10 ailədən 9-u, hər il Gəncədən Tovuzadək torpaq icarəyə götürərək soğan əkib becərir. Builki məhsul yığımı sahibkarların üzünü güldürsə də, hazırkı durum onları müflis olmaq həddinə gətirib.

Təsərrüfatçıların sözlərinə görə, kilosu 15-16 qəpiyə başa gələn soğanı, indi 6-8 qəpiyə sata bilmirlər. Bu səbəbdən kənd sakinlərinin həyət və anbarlarında tonlarla soğan xarab olmaq təhlükəsi ilə üz-üzə qalıb. Minbir əziyyətlə becərdikləri məhsulu dəyər-dəyməzinə satmaq istəsələr də, alıcı yox dərəcəsindədir.

© Sputnik / Ilham MustafayevMikayıl Hüseynov
Mikayıl Hüseynov - Sputnik Azərbaycan
Mikayıl Hüseynov

Kənd sakini Mikayıl Hüseynov Sputnik-in bölgə müxbiri ilə söhbətində, təsərrüfat məqsədilə götürdüyü krediti ödəmək üçün, ötən günlərdə şəxsi avtomobilini satdığını deyib: "1 hektarı 800 manata, 4 hektar torpaq icarəyə götürmüşəm. Əkin-biçin üçün. Toxumun kilosuna 150 manat pul vermişəm. Hektara 4 kilo səpildiyini nəzərə alsaq, təkcə toxuma 6 min manat xərcim çıxıb. Bunun alağını, suvarılmasını da hesablayanda, bir torba soğanın maya dəyəri 4-5 manata düşüb".

"Yaxşı da məhsul götürmüşük. İndi tək mənim 10 min torba soğanım var. Lakin alıcı olmadığından, indi bunun torbasını 3 manatdan da sata bilmirəm. Hamının malı qalıb həyətində. Kənddə hansı evə baş çəksəniz, eyni vəziyyəti müşahidə edəcəksiniz", — deyir M. Hüseynov.

Digər kənd sakini Elçin Yadigarov da məhsul bolluğunun onlara heç bir xeyri olmadığını deyir: "Belə getsə, 2-3 aydan sonra məhsul xarab olacaq. Hər bir torbanı evə gətirmək üçün, 10 qəpik doldurulmasına, 10 qəpik də gətirilməsinə vermişik. İndi bir o qədər də pul lazımdır ki, soğanı aparıb zibilliyə ataq".

© Sputnik / Ilham MustafayevElçin Yadigarov
Elçin Yadigarov - Sputnik Azərbaycan
Elçin Yadigarov

Onun sözlərinə görə, xarab olmasa, bu kənddəki soğanın Azərbaycana hələ gələn il də bəs edər: "Yalnız, xaricə çıxarmaqla müflis olmaqdan xilas ola bilərik. Yaxınlıqda ən böyük bazar Rusiyadır ki, onun üçün də sərhəddə bir TIR maşını soğana 3300 manat rüsum ödəməliyik. 2000 manat da daşınma xərcini üstünə gələndə, bu malı mən neçəyə satmalıyam ki, ziyanlıqdan çıxa bilim?!".

Sahibkarlar, aidiyyatı qurumların müdaxiləsi olmadan öz güclərinə bu çətinliyin öhdəsindən gələ bilməyəcəklərini bəyan edir və dövlətdən dəstək istəyirlər.

Xəbər lenti
0