BAKI, 17 dek — Sputnik. "Adım Məhəmməddir, 23 yaşım var. Hazırda İtaliyada, Romada Sapienza Universitetində mühəndislik ixtisası üzrə təhsil alıram. Bakıda isə neft-qaz mühəndisliyini bitirmişəm. Bura gələndən sonra təqaüd aldım və həmin pulla Cənubi Amerikaya səyahət etmək istəyirdim. Çili, Peru, Venesualanı gəzdim. Peruya çatanda hava limanında taksi sürücüsünə dedim ki, bir universitet var, ora getməliyəm. Həmin ölkədə bir qızla tanış olmuşdum. Onu görmək üçün universitetə getməli idim və əlimdə çamadanla ora gedə bilməzdim. Buna görə də taksi sürücüsündən məni gözləməsini istədim. 10 dəqiqədən sonra qayıtdım və sürücü artıq yox idi. Hər şeyim taksi sürücüsü tərəfindən oğurlanmışdı".
Sapienza Universitetində təhsil alan azərbaycanlı tələbə Məhəmməd Məmmədov başına gələnləri A24.az-a danışıb. Onun sözlərinə görə, bütün bu danışdığı hadisələr ötən ilin noyabrında baş verib: "Mən Peruya gələndə, əslində biletimin qayıdış tarixi 40 gün qeyd edilmişdi. Hər şeyimi itirdikdən sonra mən bu bileti fevralın 13-nə dəyişdirməyə müvəffəq oldum".
"İlk olaraq polisə müraciət etdim. Polis məni hava limanının polis idarəsinə göndərdi. Onlar kamera vasitəsi ilə baxdılar və həqiqətən də gördülər ki, mən həmin vaxt taksiyə minirəm. Lakin taksinin nömrəsini görə bilmədilər. Perunun rəsmi kanalından bir neçə gün sonra mənə zəng gəldi ki, səninlə videomüsahibə aparmaq istəyirik. Həmin kanala getdim və daha iki telekanal məni çağırdı. Daha sonra mənə nəqliyyat nazirliyi tərəfindən bildirildi ki, sabah mən hava limanında canlı olaraq müsahibə verməliyəm. Mən də səhər 7-də orda idim. Hətta bununla bağlı videolar da var. Bir neçə gün sonra dövlət televiziyasına anonim zəng oldu", — Məmmədov danışır.
Telekanaldan ona bildirirlər ki, artıq həmin adamın adı onlara məlumdur: "Hətta onun şəkilini "Facebook" vasitəsi ilə tapıblar. Lakin bu ad yalnış idi, yəni saxta profil idi. Orada onun şəkilləri var idi. Əvvəl baxanda tanımadım oğlanı, çünki, mən onu ilk görəndə gözlərində eynək vardı. Şəkillərdə isə eynəksiz idi. Bir şəkildə isə eynəkdə idi və mən onu tanıdım. Polis həmin adamı axtarışa verdi. Bir müddət sonra həmin şəxs tapıldı. Mənim sənədlərim itdiyi üçün heç yerə gedə bilmirdim və artıq bu ölkədə qeyri-qanuni qalmağa başladım".
Buna görə də Məhəmməd heç bir hüquqi proseduru apara bilmir: "Perudakı İtaliya səfirliyinə getdim. Mən İtaliyada tələbə olduğum üçün heç nə edə bilməyəcəklərini dedilər, çünki, tələbə vizasını mənə verə bilməzdilər. Əvvəl bir aylıq ev tutmuşdum. Daha sonra tanış olduğum qızın ailəsi mənim vəziyyətimi bildikdən sonra evlərində qalmağıma icazə verdi. Evdən pul göndərsələr də, əşylarımın itməsi mənə çox çətinlik yaradırdı. Onlar uzaqda olduğu üçün, ailəmə heç nə demirdim ki, narahat olmasınlar. Qızın ailəsinin isə Azərbaycan haqqında heç bir məlumatı olmadığı üçün, məni türk kimi tanıyırdılar".
"Təxminən fevral-mart ayları olardı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Peruya gəldi. Bundan mənim xəbərim yox idi. Evlərində qaldığım ailə mənə dedi ki, sənin ölkənin prezidenti gəlib. Mən əvvəlcə elə başa düşdüm ki, İlham Əliyevi nəzərdə tuturlar. Sonra bildim ki, Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdədir. Mən Prezidentin Peru ölkə başçısı ilə görüşəcəyi sarayın yaxınlığına gəlib təhlükəsizlik xidməti əməkdaşları ilə danışdım. Onlar mənə Prezidentin qalacağı oteli söyləyib səhər saatlarında orada olmağımı məsləhət gördülər. Mən həmin otelə getdim. Prezident və ailəsi orada səhər yeməyi yeyirdi. Bir qədər sonra Prezidentin həyat yoldaşı məni gördü və kim olduğumla maraqlandı. Mən də ona problemimdən bəhs etdikdə məni diqqətlə dinlədi. Onlarla birlikdə oturdum və Prezidentlə də görüşüb məsələni ona izah etdim", — deyir azərbaycanlı gənc.
Məmmədov Ərdoğandan onun sənədlərimin hazırlanmasında yardım etməsini xahiş edir: "Rəcəb Tayyib Ərdoğanın köməkliyi ilə 14 gün həmin oteldə qaldım. Bu vaxt ərzində səfirliklə danışıldı ki, mənim sənədlərim həll edilsin. Çünki Cənubi Amerikada, Kolumbiyanı çıxmaq şərti ilə, Azərbaycan səfirliyi yoxdur. Bəxtim gətirmişdi ki, pasportum üstümdə idi. Bundan sonra Türkiyə prezidenti Perudakı Türkiyə səfirliyi ilə danışdı və onlara bildirdi ki, mənim işim həll olunsun! Onlar da Perudakı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladılar, İtaliya səfirliyinə nota verdilər. Mənə daha sonra təklif etdilər ki, geri qayıtmaq üçün viza verilsin".
"Ailəmə və qohumlara başıma gələnləri demək istəmirdim. Lakin geri qayıtmağım üçün mənə bilet almaq lazım idi. Mən ailəmə deməyə utandım. Dayımla da bu barədə danışmaq istəmədim. Qərara gəldim və dayımın ən yaxın dostu, millət vəkili Adil Əliyevlə əlaqə saxladım. O da dayımla əlaqə saxladı və mənim biletimi aldılar, beləcə Romaya qayıda bildim", — o, başına gələnləri nəql edir.
Məhəmmədin gələcək planlarım isə ondan ibarətdir ki, ya Madriddə yaşayacaq, ya da yenidən Cənubi Amerikaya qayıdacaq: "Çünki, açıq etiraf edirəm, mənim orada sevdiyim qız var".