BAKI, 16 dek — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini, Nazirlər Kabineti isə hadisə nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti isə hadisə nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirməli, hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməli, tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırsın və aşkar edilmiş nöqsanları aradan qaldırmalıdır. Baş Prokurorluğa tövsiyə edilib ki, baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin.
Xatırladaq ki, dekabrın 15-də səhərə yaxın Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində estakadanın 150 metr hissəsi dənizə uçub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bu saata qədər onlardan yalnız birinin cəsədi tapılıb.