BAKI, 16 dek — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Hərbi vəziyyət haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, bu qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Hərbi vəziyyətin elan edilməsinin əsas məqsədi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılmasıdır.
Layihə barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir: "Bu baxımdan prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncam milli təhlükəsizlik maraqlarına xidmət edir".
O bildirib ki, layihə yenidən işlənib: "Hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib. 1994-cü ildən bu günə qədər xeyli işlər görülüb. Zərurət yaranıb ki, artıq yeni qanun layihəsi qəbul edilsin".
"1994-cü ildə qəbul olunan qanun 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsi isə 5 fəsil, 27 maddədən ibarətdir. Layihədə hərbi vəziyyətin elan olunması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb", — Z. Əsgərov vurğulayıb.
Layihənin 6-cı maddəsində göstərilir ki, hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı qəbul edildikdən sonra 24 saat müddətində Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq üçün təqdim edilir. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.